Azərbaycan milli komandası iyulun 4-də dünya çempionu Erik Kantonanın çalışdırdığı Fransa ilə qarşılaşacaq
18.06.2008 - 16:40
Azərbaycan milli komandası iyulun 4-də dünya çempionu Erik Kantonanın çalışdırdığı Fransa ilə qarşılaşacaq
Onun sözlərinə görə, oyun iyulun 4-də Fransanın Tin şəhərində keçiriləcək. Fransalıları yığmamızla matça yaxın keçmişin məşhur futbolçusu, “Mançester Yunayted” klubunun sabiq kapitanı Erik Kantona çıxaracaq. Bu, 42 yaşlı E.Kantonanın azərbaycanlılarla ikinci görüşü kimi tarixə düşəcək. O, həmvətənlərimizlə ilk dəfə 1994-cü il dekabrın 13-də Türkiyənin Trabzon şəhərində Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında üz-üzə gəlib. Həmin qarşılaşmada 90 dəqiqə meydanda olan qalmaqallı və xarizmatik futbolçu yığmamızın qapısına bir qol vuraraq, komandasının 2:0 hesablı qələbəsinə töhfə verib. E.Kantona futbolçu karyerasını başa vurduqdan sonra Fransa çimərlik futbolu yığmasında çalışmağa razılıq verib. Onun başçılıq etdiyi komanda 2005-ci ildə dünya çempionu tituluna yiyələnib.
Avropa Liqası hərəsində 8 kollektivin yer aldığı A və B qruplarında təşkil edilib. A qrupunun matçları 20-22 iyunda İtaliyada olacaq. Yığmamızın yarışdığı B qrupunun qarşılaşmaları isə iyulun 4-dən 6-dək davam edəcək. Milli komandamız ilk mərhələdə Fransanı məğlub edəcəyi təqdirdə, yarımfinalda Türkiyə - İngiltərə cütünün qalibi ilə qüvvəsini sınayacaq. Braziliyalı baş məşqçi Qustavo Enrike Zlokkovik Silvanın yetirmələri fransalılara uduzsalar belə, Superfinala yüksəlmək şanslarını itirməyəcəklər. Belə ki, futbolçularımız Türkiyə - İngiltərə cütündən məğlub ayrılan kollektivlə görüşərək, aktivlərinə xal yazdıra bilərlər. Reqlamentə əsasən, növbəti mərhələyə həm A, həm də B qrupunda ilk 3 pillədə qərarlaşan komandalar birbaşa vəsiqə qazanacaqlar. Bundan başqa, ən yaxşı göstəricilərlə dördüncü yeri tutan yığma da 22-24 avqustda Portuqaliyanın Vilya Real şəhərində keçiriləcək Superfinala qatılacaq.
0