Aftandil Hacıyev: “Rasim Kara məni aldatdı”
19.06.2008 - 18:28
Aftandil Hacıyev: “Rasim Kara məni aldatdı”
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığmasının sabiq müdafiəçisi Aftandil Hacıyev Ağdamın “Qarabağ” klubundan ayrılıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən A. Hacıyev bildirib ki, komandadan baş məşqçi Rasim Karaya görə getməli olub: “Klubla bu ay başa çatmış müqavilənin uzadılması barədə qışda razılıq əldə olunmuşdu. Ancaq Kara komandadan getməyimi istədi. Bu, mənim üçün şok oldu. Artıq özümə yeni klub axtarıram”. 27 yaşlı futbolçu bildirib ki, türkiyəli çalışdırıcı ilə şəxsi problemi olmayıb: “Mövsümün sonlarında oynamamağım zədə ilə bağlı idi. Zədəm ciddi olmadığından bunu əməliyyatsız da aradan qaldırmaq olardı. Ancaq Kara məni Türkiyəyə əməliyyata göndərib, yeni mövsümə hazırlıq zamanı gözləyəcəyini dedi. Görünür, onun planları başqa olub və bundan istifadə etmək istəyirmiş. Ola bilsin ki, komandaya başqa futbolçu gətirmək istəyir. Bir sözlə, Kara məni aldatdı”.
Qeyd edək ki, A.Hacıyev “Qarabağ” klubunda Azərbaycan kubokunu da nəzərə alsaq, keçirdiyi 23 oyunda 2 qol vurub.
0