“Neftçi” avrokuboklarda 9 ildir Bakıda uduzmur
20.06.2008 - 14:02
“Neftçi” avrokuboklarda 9 ildir Bakıda uduzmur
İntertoto kuboku növbəti mövsümdən ləğv ediləcəyindən, ukraynalı mütəxəssis Anatoli Demyanenkonun çalışdırdığı “Neftçi” turnirdə sonuncu təmsilçimiz olacaq.
Püşkə əsasən, komandamız öncə Slovakiya “Nitra”sını qəbul etməli, bir həftə sonra cavab matçına çıxmalıdır. İntertotoda debüt edəcək “Neftçi”nin son 9 ildə avrokuboklarda öz meydanında uğurlu seriyası var. Söhbət dördqat azərbaycan çempionun 1999-cu ildən indiyədək qitə miqyaslı yarışlarda Bakıda uduzmamağından gedir. Flaqman həmin ilin avqustun 12-də öz meydanında Yuqoslaviyanın “Srvena Zvezda” klubuna yenilib - 2:3. Həmin heyətdən hazırda komandada iki futbolçu qalıb - Samir Əliyev və Zaur Tağızadə. Kapitan Z.Tağızadə cəzalı olduğundan “Nitra” ilə sabahkı görüşdə oynamayacaq. Onun ötən yay UEFA kubokunda qırmızı vərəqə aldığı Avstriyanın “Rid” klubu ilə Bakıdakı görüşdə “Neftçi”nin seriyalarından biri qırıldı. Belə ki, flaqman xeyli müddətdir evdə məğlub olmamaqla yanaşı, qol da buraxmırdı. “Rid”in Bakıdakı matçın sonlarında vurduğu qol həm seriyanın qırılması, həm də turnirdən kənarda qalmaqla nəticələndi. Komandamız 2:1 hesabı ilə qələbə qazansa da, avstriyalılar səfərdə vurulan qol sayəsində mübarizəni davam etdirdi.
Slovakiya təmsilçiləri ilə avrokuboklarda görüşlər ilk vaxtlar bizim üçün uğursuz olub. 2004-cü ildə UEFA kubokunda “Qarabağ” “Dukla”ya, növbəti mövsüm “Bakı” “Jilina”ya iki oyunun nəticəsinə görə uduzub. Slovaklarla son görüşümüz isə Azərbaycan futbolunun tarixinə düşüb. Belə ki, iki il öncə Trnavanın “Spartak” klubunu hər iki matçda məğlub edən “Karvan” bununla da UEFA kubokunda mərhələ adlayan ilk komandamız olub. Slovaklarla qitə miqyaslı turnirdə keçirdiyimiz altı görüşün yarısında rəqib, yarısında isə klublarımız qalib gəlib. Maraqlıdır ki, hər üç qələbəmiz 1:0 hesabı ilə olub. “Neftçi” isə avrokuboklarda son üç oyununda meydanı qolsuz tərk etmir. Bunlar “Rid”lə oyunlarla (1:3 və 2:1) yanaşı, 2005-ci ildə Çempionlar Liqasında Belçikanın “Anderlext” klubu üzərində Bakıda 1:0 hesabı ilə qələbə qazanılan görüşdür. Bu matçlarda “Neftçi”nin qollarının müəlliflərindən moldovalı yarımmüdafiəçi Vadim Boretslə serbiyalı hücumçu Branimir Subaşiç artıq komandanı tərk ediblər.

İntertoto kubokunun birinci mərhələsi, ilk oyun

“Neftçi” (Azərbaycan) – “Nitra” (Slovakiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00
Baş hakim: Marçin Borski (Polşa)
Hakim-köməkçiləri: Rafal Rostovski, Pavel Sokolniçki (hər ikisi Polşa)
Ehtiyat hakim: Anar Niyazov (Azərbaycan)
Hakim-inspektoru: Alan Snoddi (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Bujar Kasmi (Albaniya)


0