“Nitra”nın baş məşqçisi cavab oyununda möcüzəyə ümid edir
22.06.2008 - 13:04
“Nitra”nın baş məşqçisi cavab oyununda möcüzəyə ümid edir
Bakı. Mehman Süleymanov – APA-Sport. “İlk hissədə oyunumuz alındı və nəticədə erkən qollara imza atdıq. Ancaq görüşün ikinci yarısı fərqli oldu”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Anatoli Demyanenko Slovakiyanın “Nitra” komandasını məğlub etdikləri oyundan sonra deyib. İntertoto kubokunda debütə 2:0 hesablı qələbə ilə başlayan ukraynalı mütəxəssis komandasının tam hazır olmadığını da söyləyib: “Yeni mövsümə hazırlıq getdiyi üçün problemlərimiz başadüşüləndir. Futbolçularımız hələ tam hazır deyillər. Buna görə də tez yorğunluq əmələ gəlir. “Nitra” ilə matçın ikinci hissəsində yaxşı oynamamağın əsas səbəbi budur. Daha çox hesabı qorumağa çalışan komandam buna nail oldu. Ancaq bu qələbə arxayınlaşmağa əsas verməməlidir. Fikrimcə, səfər matçında da uğurlu çıxış etməliyik”. Heyətlə bağlı itkiləri olan A. Demyanenkonu hücum xəttindəki problemlər qayğılandırır. Ukraynalı mütəxəssisin sözlərinə görə, Samir Əliyevin ağır zədədən sonra formasını bərpa etmək, “Neftçi”nin heyətində ilk oyununa çıxan gürcüstanlı Georgi Çelidzenin isə uyğunlaşaq üçün vaxta ehtiyacları var: “Hücum xəttində problemlərimiz var. Bunu həll etməliyik”.
“Nitra”nın baş məşqçisi Pavel Malura isə oyun sonrası mətbuat konfransında “Neftçi” səddini aşa bilməyəcəkləri ilə barışdığını gizlətməyib: “Görüş bizim üçün çox pis başladı. Artıq ilk 10 dəqiqədə iki qol buraxdıq. Yaxşı komanda olan “Neftçi”ni mübarizədən kənarlaşdırmaq çətin olacaq. Buna görə də öz meydanımızda keçiriləcək cavab görüşündə şanslarımızı az qiymətləndirib, daha çox möcüzəyə ümid edirəm”.
0