“Jerminal” klubunun kommersiya direktoru: “Neftçi” güclü komandadır”
23.06.2008 - 10:28
“Jerminal” klubunun kommersiya direktoru: “Neftçi” güclü komandadır”
İntertoto kubokunun ikinci mərhələsində “Neftçi” – “Nitra” (Slovakiya) qarşılaşmasının qalibi ilə görüşəcək Belçika təmsilçisinin nümayəndəsi Bakıda keçirilən ilk matçı canlı izləyib: “Rəqibini 2:0 hesabı ilə üstələyən bakılılar fasilədən sonra da qol vurmaq imkanları əldə etdi. Azərbaycanda futbola maraq çox böyükdür. Görüşü 8 min tamaşaçı izləyirdi. İkinci mərhələdə bizimlə qarşılaşsalar, stadionun dolacağı gözlənilir. Bu isə 30 min tamaşaçı deməkdir”. “Jerminal” rəsmisi Bakıda daha çox təşkilati məsələlərlə məşğul olub. P.Heylen bu baxımdan “Nitra”nın mərhələ adlamasını istəyir: “Bakıya gəlmək üçün Brüsseldən İstanbula gəlib, orada uzun müddət gözləməli olduq. Təxminən 12 saata mənzil başına çatdıq. Bu isə çox uzun vaxtdır. “Neftçi” ilə qarşılaşsaq çarter reysi sifariş etməli olacağıq. Düzdür, Bakıda qalmaq üçün hər cür şərait var. Və burada olduğumuz müddətdə nümayəndə həyəti və komandanın məskunlaşması üçün otel tapmışıq. Azarkeşlərimiz üçün də yaxşı yer var. Qiymətlər də kifayət qədər münasibdir. Lakin “Nitra” cavab oyununda qalib gəlsə, bu bizim üçün daha sərfəli olacaq. Slovakiya Belçikaya daha yaxındır ki, bu da qiymət və vaxt baxımından da hiss olunur”.
Qeyd edək ki, “Neftçi” – “Nitra” matçının qalibi ilə “Jerminal” arasında keçiriləcək görüşlər iyulun 5-də və 12-də keçiriləcək.
0