Branimir Subaşiç: “Uşaqlıq arzularımdan biri “Srvena Zvezda” klubunda oynamaq olub”
23.06.2008 - 14:43
Branimir Subaşiç: “Uşaqlıq arzularımdan biri “Srvena Zvezda” klubunda oynamaq olub”
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında son üç mövsümdə şərəfini qoruduğu “Neftçi” klubundan ayrılan serbiyalı hücumçu Branimir Subaşiç deyib. Azərbaycan yığmasının formasını geyinən 26 yaşlı futbolçu bildirib ki, karyerasını vətənində davam etdirməyi daha yaxşıdır: “Srvena Zvezda” klubunun idman direktoru mənimlə əlaqə saxlamışdı. Təklifi agentimlə razılaşdırdım və sonda ortaq məxrəcə gəldik. Hazırkı komandamın rəhbərliyi mənim “Neftçi” klubundakı çıxışımı görüb bəyənmişdi. Serbiyanın ən titullu komandasına transferimin reallaşdığına hələ də inana bilmirəm. Axı 7 ildir vətənimdən kənarda oynayıram. Uşaqlıq arzularımdan biri “Srvena Zvezda” klubunda çıxış etmək olub”. B.Subaşiç bildirib ki, yeni komandası ilə danışıqlar günün sonunadək yekunlaşacaq: “Həm “Neftçi”yə, həm də keçmək variantım olan “İnter”ə avrokuboklarda uğurlar arzulayıram. “İnter” rəsmilərinə həm də ona görə minnətdaram ki, mənə güzəştə getdilər. “Srvena Zvezda” ilə uzun müddətli müqavilə bağlamaq fikrindəyik. Ola bilsin ki, rəsmi anlaşmanın müddəti 4 il oldu. Azərbaycandan birdəfəlik getmirəm. Yığma komanda ilə bağlı seçimimi ölkənizin xeyrinə etmişəm və gələcəkdə dəvətləri qəbul etmək fikrindəyəm”.
Qeyd edək ki, B.Subaşiç 15 aydır Azərbaycan milli komandasının şərəfini qoruyur.
0