Valentin Xodukin: “Belkeviç orta sahədə Mahmud Qurbanovla yaxşı tandem yaradacaq”
23.06.2008 - 15:31
Bakı. Mehman Süleymanov - APA-Sport. “Belkeviç artıq komandamızın düşərgəsindədir. Təbii ki, belə bir futbolçuya dəvət göndərmişiksə, deməli, onun transferi realdır. Onunla danışıqları Türkiyəyə təlim-məşq toplanışına yollananadək sona çatdıracağıq”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Onun sözlərinə görə, uzun illər Kiyevin “Dinamo” klubunda və Belarus yığmasında çıxış edən 35 yaşlı yarımmüdafiəçi Valentin Belkeviçlə danışıqlar müsbət yekunlaşmaq üzrədir: “Hazırda sərbəst futbolçu olan Belkeviçlə hələ Ukraynada işlədiyim vaxtdan tanışlığım var. “Krivbass”, “Karpatı” klublarını çalışdırdığım zamanı onunla tez-tez görüşmüşəm. Belkeviç kimi təcrübəli futbolçunu heyətinə qatmaq istəyən komanda böyüməli, səviyyəsini artırmalıdır”. Ampluasına görə oyun qurucusu olan V.Belkeviç “İnter”də komanda yoldaşı Mahmud Qurbanovla həmyaşıd, eyni mövqedə çıxış edən futbolçudur. Ancaq V.Xodukin nə bunu, nə də belaruslu yarımmüdafiəçinin xeyli vaxtdır oyun praktikası sarıdan korluq çəkməsini ciddi problem sayır: “Belkeviç formasını tez bərpa edən futbolçulardandır. O, ustalıq səviyyəsinə görə bizə fayda verməlidir. Qarşıda Çempionlar Liqası kimi məsul sınağımız var və Belkeviç ilk növbədə təcrübəsi ilə bizə yardımçı olmalıdır. Həm yığma, həm klub səviyyəsində beynəlxalq oyun təcrübəsi böyük olan adaşım Kiyev “Dinamo”sunun heyətində Çempionlar Liqasında çoxlu matç keçirib. Hesab edirəm ki, Belkeviçlə Qurbanovun eyni amplua oyunçuları olması problem yaratmayacaq. Əksinə, fikrimcə, onlar orta sahədə yaxşı tandem yaradacaq. Elə Belkeviçin transferində həm də bu məqsədi güdmüşük. Valentinlə hələlik bir anlaşıb, sonrasına baxarıq”.
0
0