Böyükağa Hacıyev: “Futbolda qazandığım uğurları, futzalda da təkrarlamaq niyyətindəyəm”
24.06.2008 - 11:18
Böyükağa Hacıyev: “Futbolda qazandığım uğurları, futzalda da təkrarlamaq niyyətindəyəm”
İyulun 5-dən 14-dək “Dina”nın düşərgəsində olacaq 50 yaşlı məşqçi əsasən taktiki bilikləri mənimsəməyə çalışacaq: “Bildiyiniz kimi, uzun müddət futbol klublarında işləmişəm. Futzalla futbol çox oxşar idman növləridir. Yalnız taktiki baxımdan bir-birindən fərqlənir. Taktiki cəhətdən məlumat toplamaq üçün “Dina”da təcrübə kursu keçmək qərarına gəldim”. B.Hacıyevin sözlərinə görə, “Araz” iyulun 15-dən etibarən UEFA kubokunun hazırlığına başlayacaq. Bir neçə ölkədən futzalçı transfer etməyi planlaşdıran baş məşqçi seleksiya işlərində diqqətli olmağın vacibliyini vurğulayıb: “Rusiya, Ukrayna, Xorvatiya və Serbiyadan oyunçular cəlb etməyi nəzərdə tutmuşuq. Seleksiya işlərinə xüsusi diqqət yetirməli və aldanmamalıyam”. B.Hacıyevə baş məşqçi postunda əvəzlədiyi Məmmədqulu Zeynalov yardımçı olacaq. Naxçıvan komandasına daha bir köməkçi-məşqçinin gətiriləcəyini deyən B.Hacıyev “Araz”da uğur qazanacağına inandığını söyləyib: “Futzalda işləmək üçün hansısa problemin meydana çıxacağını düşünmürəm. Görünür, hələ “böyük futbola” lazım deyiləm. Təvazökarlıqdan uzaq olsa da, baş məşqçi vəzifəsinə təyinatım “Araz” rəhbərliyinin mənə göstərdiyi etimaddır. Futbolda qazandığım uğurları, futzalda da təkrarlamaq niyyətindəyəm. Gələcəkdə dəvət olarsa, milli komandada da məmnuniyyətlə çalışaram”.
Qeyd edək ki, son iş yeri “Bakı” futbol klubu olan B.Hacıyev bu komandaya 2006-cı ildə Azərbaycan çempionu titulunu qazandırıb.
0