“Neftçi” klubunun İntertoto kubokundakı rəqibi mövsümə 9 yeni futbolçuyla hazırlaşır
24.06.2008 - 12:37
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunun ikinci mərhələsində rəqibi olan Belçikanın “Jerminal” komandası mövsümlərarası dövrdə fəallıq göstərir. “APA-Sport” agentliyinin məlumatına görə, belçikalılar flaqmanla oyun ərəfəsində artıq 9 transferi reallaşdırıb. Seneqal yığmasının heyətində 2002-ci il dünya çempionatında çıxış edib həmin turnirin tapıntılarından olan Xalilu Fadiqa da artıq “Jerminal”ın oyunçusudur. Bir vaxtlar İtaliyanın “İnter” klubunda oynayan 33 yaşlı sol cinah yarımmüdafiəçisi ürək çatışmazlığı üzündən bir müddət futboldan kənar qalsa da, “Neftçi”nın rəqibi onu digər Belçika klubundan transfer edib. Henri Munyaneza, Bartolomey Ferrara, Pol Kpaka, Djorje Svetliçiç və Nigeriya millisinin üzvü Tosin Dosunmu ilə anlaşan “Jerminal” 18 yaşadək olan 3 gənci də heyətinə cəlb edib. Komandanı tərk edən 11 oyunçudan Ernan Losada “Anderlext”, Emmanuel Okoduva “Dinamo” (Kiyev, Ukrayna) klubuna üz tutub. Belçikanı İntertoto kubokunda təmsil edən komanda mövsümlərarası dövrdə artıq iki yoxlama oyunu keçirib. “Vilriyk”i 2:0, “Ekeren”i 1:0 hesabı ilə məğlub edən “Jerminal” İntertoto kubokunda keçirəcəyi ilk oyunadək 3 yoxlama matçı da keçirəcək.
Qeyd edək ki, “Neftçi” Bakıda 2:0 hesabı ilə məğlub etdiyi “Nitra” ilə cavab görüşündən qənaətbəxş nəticə ilə ayrılsa iyulun 5 və 12-də “Jerminal”la görüşəcək.
Qeyd edək ki, “Neftçi” Bakıda 2:0 hesabı ilə məğlub etdiyi “Nitra” ilə cavab görüşündən qənaətbəxş nəticə ilə ayrılsa iyulun 5 və 12-də “Jerminal”la görüşəcək.
0
0