Samir Əliyevlə Março Dafçev “Nitra” ilə cavab matçını buraxacaqlar
24.06.2008 - 12:52
Samir Əliyevlə Março Dafçev “Nitra” ilə cavab matçını buraxacaqlar
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” Slovakiyanın “Nitra” klubu ilə İntertoto kubokunda iyunun 28-də keçiriləcək cavab görüşünə ciddi itkilərlə çıxacaq. Komandanın baş məşqçisi Anatoli Demyanenkonun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, hücumçu Samir Əliyev “Nitra” ilə cavab matçını buraxacaq: “İlk oyunda sonradan meydana çıxan Samir zədəsini təzələyib. Onun hazırkı durumu meydana çıxmağa imkan vermir. İlk oyundakı matçda aldığı zədə ucbatından əvəzlənən Nazar Bayramovun vəziyyəti isə qənaətbəxşdir. Türkmənistanlı yarımmüdafiəçi Slovakiyadakı görüşdə oynayayacaq”. “Neftçi” klubunun cavab görüşündə itkiləri bununla bitmir. Belə ki, A.Demyanenko kapitan Zaur Tağızadə ilə yanaşı, bolqarıstanlı yarımmüdafiəçilər Svetoslav Stefanov və Março Dafçevin xidmətindən məhrum olub: “Yeni transferimiz olan Dafçev “Nitra” ilə ilk oyun öncəsi məşqdə qasıq nahiyəsindən xəsarət alıb. Adətən əzələ dartması tez sağalmır və futbolçunun bir müddət müalicəyə ehtiyacı var. Dafçev düzəlsə belə, onu tezliklə meydana buraxa bilmərik. Dmitri Kruqlovun isə cavab görüşündə meydana çıxacağı gözlənilir”. “Nitra” ilə cavab görüşünün hazırlığını Bakıda davam etdirən “Neftçi” iyunun 26-da səfərə çıxacaq. Slovakiyaya yollanacaq komandamız cavab matçından sonra Hollandiyada hazırlıq keçəcək.
0