Elxan Məmmədov: “Legioner futbolçuların üzvlük haqqı artırılacaq”
25.06.2008 - 13:20
AFFA-nın inzibati binasında baş tutacaq iclasda ilk növbədə Premyer Liqa klublarında oynayan əcnəbi futbolçulara qoyulan limit müzakirəyə çıxarılacaq. E.Məmmədov bildirib ki, İK-nın qəbul edəcəyi qərar AFFA-nın növbəti konfransında təsdiqlənəcək. Eyni zamanda, legionerlərin üzvlük haqlarına da baxılacaq. Baş katib üzvlük haqlarının qaldırılacağını istisna etməyib: “Çox güman ki, əcnəbi futbolçular üçün üzvlük haqqı artırılacaq. Amma məbləğin konkret nə qədər olacağını bəri başdan söyləmək çətindir”. İK-nın iclasında 15 yaşadək futbolçulardan ibarət milli komandanın yeni baş məşqçisinin adı açıqlanacaq. Bu posta ən real namizəd almaniyalı Oliver Pilzerdir. Bundan başqa, növbəti mövsümdən etibarən 17 yaşadək futbolçular arasında ölkə çempionatının keçirilməsi barədə qərarın çıxarılacağı da gözlənilir. E.Məmmədov vurğulayıb ki, uşaq futbolunun inkişafı məqsədilə təşkil olunacaq yarışda yalnız Premyer Liqa klublarının nəzdində fəaliyyət göstərən komandalar qüvvələrini sınayacaqlar. İK-nın toplantısında milli lisenziya proqramı ilə bağlı da fikir mübadiləsi aparılacaq. Bu proqrama görə, 2009/10 mövsümündən etibarən Premyer Liqa təmsilçiləri lisenziya almaq üçün daha ciddi tələbləri yerinə yetirməli olacaqlar.
0
0