Vəli Qasımov: “Mənim üçün Avropa çempionatının ən gözlənilməz hadisəsi Rusiyanın yarımfinala yüksəlməsi oldu”
25.06.2008 - 16:45
Vəli Qasımov: “Mənim üçün Avropa çempionatının ən gözlənilməz hadisəsi Rusiyanın yarımfinala yüksəlməsi oldu”
- Bir müddət əvvəl Azərbaycanda çalışacağınız söylənilirdi. Hətta bu məqsədlə Bakıya da gəlmişdiniz...
- Mənə vətəndən real təklif gəlməyib. Azərbaycandan heç dəvət gözləmirəm də. İspaniyada işimi davam etdirmək istəyirəm. Artıq məşqçiliyə başlayıram. Bu sahədə irəliləmək perspektivini, məşqçilik səviyyəmi artırmağı elə İspaniya ilə bağlayıram. Bu səbəbdən də İspaniyada qalmaq niyyətindəyəm. Yığmada işləməklə bağlı namizədliyimin olmasından xəbərim yoxdur. Bildiyimə görə, Azərbaycan milli komandalarına almaniyalı məşqçilər gətiriblər.
- Berti Foqtsun milli komandaya baş məşqçi təyin edilməsini necə qarşıladınız?
- Əvvəllər də demişəm, Azərbaycanda futbolçular zəifdir. Səviyyəcə Avropadakılardan geri qalırlar. Onların yüksək səviyyəli, sayıb-seçilən, qitə miqyasında özünü sübut etmiş məşqçinin rəhbərliyi altında çalışması lazımdır. Bu mənada Berti Foqtsun təyinatını müsbət qarşıladım. Bildiyimə görə, milli komanda Foqtsun rəhbərliyi altında iki oyun keçirib, bunlardan birində uduzub, birində qalib gəlib.
- Başa çatmaqda olan Avropa çempionatı haqda təəssüratlarınızı bilmək maraqlı olardı...
- Qitə birinciliyinin bütün oyunlarını televiziya vasitəsilə izləmişəm. Yarımfinal iştirakçılarından üçünə də - Türkiyə, İspaniya və Rusiya yığmasına azarkeşlik edirəm.
- Türkiyənin yarımfinaladək irəliləməsi sizin üçün gözlənilməz olmadı ki?
- Türkiyə yığması ilk növbədə əzmkar oyunu ilə seçilir. Fatih Terimin komandası ardıcıl üç matçdır oyunun sonunda məğlubiyyətdən qaçır. Türkiyəlilər qələbə topunu son dəqiqələrdə vurmaqla, ruhdan düşmədiklərini, axıradək mübarizə apardıqlarını göstərirlər. Ancaq onların bəxtinin də gətirdiyini deməliyəm. Türkiyənin finala çıxması çətin olacaq. Hesab edirəm ki, Almaniya bu gün keçiriləcək yarımfinalda qalib gələcək. Əslində, mənim üçün ən gözlənilməz Rusiyanın yarımfinala çıxması oldu. Onların belə çıxışı məni təəccübləndirdi. Ruslar çox yaxşı oyun nümayiş etdirirlər. Qus Hiddinkin yaratdığı komandanı bəyənirəm.
- Sabah yarımfinalda sizə yaxşı tanış olan İspaniya və Rusiya yığmaları üz-üzə gələcək. Rusiyanın ilk çempionatının ən məhsuldar hücumçusu, Sevilyanın “Betis” klubunun heyətində isə İspaniya Primerosunun bürünc mükafatçısı olmusunuz. Sabahkı yarımfinalda hansı komanda daha şanslıdır?
- Məlum olduğu kimi, bu komandalar final mərhələsində eyni qrupda yer almışdı. Ruslar ilk oyununda İspaniyaya böyük hesabla məğlub oldular. Ancaq həmin 1:4 hesablı məğlubiyyət qəti fikir yürütməyə əsas vermir. Ruslar bu oyunu çıxmaq şərti ilə qalan matçları yüksək səviyyədə keçiriblər. Yəni, oyundan-oyuna artım göz qabağındadır. İspaniya isə turnirdə ən çox xoşuma gələn yığmadır. Luis Araqonesin komandası sabit oyunu ilə seçilir. İspanların şansını daha yüksək qiymətləndirirəm.
- Sözlərinizdən belə çıxır ki, Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqibləri olan Almaniya və Rusiya finalda görüşə bilməyəcəklər...
- Mənim əsas favoritim İspaniya milli komandasıdır. Yəni, ispanları Almaniya və Rusiyadan güclü hesab edirəm. Almanlar elə də yüksək oyun nümayiş etdirmirlər. Fikrimcə, Avropa çempionu İspaniya yığması olacaq.
0