Avropanın nəhəng klubları Andrey Arşavini transfer etmək istəyir
26.06.2008 - 11:16
Avropanın nəhəng klubları Andrey Arşavini transfer etmək istəyir
Bakı. Mehman Süleymanov – APA-Sport. İspaniyanın “Barselona” klubu Rusiya yığmasının aparıcı futbolçusu Andrey Arşavini transfer etmək istəyir. “APA-Sport” agentliyinin məlumatına görə, Kataloniya təmsilçisi 26 yaşlı hücumçunun keçidi ilə bağlı məxsus olduğu “Zenit” klubuna faks göndərib. İspanlar A.Arşavinə görə 15 milyon avro ödəməyə hazırdırlar.
A.Arşavinlə İtaliya və İngiltərə klubları da maraqlanırlar. Londonun “Arsenal” klubunun fransalı baş məşqçisi Arsen Venger “Zenit”in sükanı arxasında olan hollandiyalı həmkarı Dik Advokatla transferlə bağlı söhbətləşib. İngilislər transferin məbləğini 10 milyon funt sterlinq məbləğində qiymətləndirib. İngiltərədə “Çelsi” və “Nyukasl”, Şotlandiyada “Seltik” klublarının maraq dairəsinə düşən A.Arşavinə görə İtaliyanın “İnter” komandası 13 milyon avro xərcə düşməyə razıdır. “Zenit”in prezidentinin müşaviri Konstantin Sarsaniya futbolçunun başqa kluba mümkün keçidini təsdiqləyib: “Hazırda “Zenit” Arşavinin satılması ilə bağlı bir neçə rəsmi təklif alıb. Andreyi İspaniya, İngiltərə və İtaliya klubları öz sərəncamında görmək istəyir. Biz Arşavinin Avro-2008-dən qayıtmasını gözləməli və təklifləri onunla birgə müzakirə etməliyik. “Zenit”in futbolçunu buraxmağa hazır olduğu məbləğə gəlincə, məbləği mən müəyyənləşdirmirəm. Bu, klubun Direktorlar Şurasının səlahiyyətinə aid olan məsələdir”.
0