Rasim Kara: “Fatih Terimin istefa qərarı Türkiyədə onu tənqid edənlərə cavabdır”
26.06.2008 - 13:35
Rasim Kara: “Fatih Terimin istefa qərarı Türkiyədə onu tənqid edənlərə cavabdır”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qarabağ” klubunun türkiyəli baş məşqçisi Rasim Kara deyib. Onun bildirdiyinə görə, Avropa çempionatındakı əvvəlki görüşlərdən fərqli, yarımfinal matçına yaxşı başlayan Türkiyə yığması baxımlı oyun nümayiş etdirib: “Almaniyaya iki qol vurduğumuzdan hücum xəttində Arda, Tuncay, Nihat kimi futbolçuların yoxluğu hiss olunmadı. Təəssüf ki, ciddi itkiləri olan müdafiə xətti kobud səhvlərə yol verdi. Məhz bu nöqsanlar görüşün müqəddəratını həll etdi. Elə də yüksək səviyyəli oyun nümayiş etdirməyən Almaniyanın Avropa çempionu titulunu qazanacağını düşünmürəm. Fikrimcə, digər yarımfinalçılar İspaniya və Rusiya daha hazırlıqlıdır. Digər tərəfdən, xarakter nümayiş etdirən almaniyalılardan hər şey gözləmək olar”. Futbolçu karyerası dövründə qapıçı olan R.Kara yığmadakı həmkarları Rüştü Rəcbərlə Volkan Dəmirəli qınayıb: “Türkiyə Avro-2008-də ən çox cəzalandırılan, zədə alan komandadır. Bu, mübarizliyin göstəricisi olsa da, hər halda, lüzumsuz vərəqələrin də əziyyətini çəkdik. Xüsusilə, Volkanın qrup mərhələsinin son matçında Çexiya yığmasına qarşı matçın uzatma dəqiqələrində rəqibinə bilərəkdən zərbə endirməsini qeyd etmək olar. Qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalandırılan Dəmirəl heyətdə yer alsaydı, qapı daha etibarlı olacaqdı. Baş məşqçi Fatih Terim məcburiyyət qarşısında qaldığından “çərçivə”ni Rüştü Rəcbərə tapşırdı. Rüştü isə son illərdə xeyli geriləyib”. 58 yaşlı mütəxəssis Azərbaycan futbol həvəskarlarının Türkiyəyə azarkeşlik etməsindən məmnun qalıb. O, 1996-cı ildə keçirilən Avropa çempionatında köməkçisi olduğu Fatih Terimin işini davam etdirməsini istəyir: “Fatih Terimin istefa verməsi xəbərini eşidəndə təəssüfləndim. Zənnimcə, o, qərarını dəyişməyəcək və yığmadan gedəcək. Halbuki, onun işi, yaratdığı komanda gələcəyə nikbin baxmağa əsas verir. Belə olan halda, Terimin milli komandamızda fəaliyyətini davam etdirməsi məqsədəuyğun olardı. Onu Türkiyədə çox tənqid etdilər. Terimin istefa qərarı bu tənqidlərə cavabdır”.
Qeyd edək ki, Fatih Terim Almaniyaya 2:3 hesablı məğlubiyyətdən dərhal sonra istefa verib.
0