“Xəzər-Lənkəran” və “Standard” klubları Moskva “Spartak”ının sabiq futbolçusu ilə maraqlanırlar
26.06.2008 - 14:09
“Xəzər-Lənkəran” və “Standard” klubları Moskva “Spartak”ının sabiq futbolçusu ilə maraqlanırlar
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasında mübarizə aparan “Xəzər-Lənkəran” və “Standard” klubları Gürcüstan milli komandasının sabiq müdafiəçisi Kaxaber Mjavanadzeni heyətə cəlb etmək istəyir. “APA-Sport” agentliyinin məlumatına görə, K.Mjavanadze ilə xüsusilə, “Standard” rəhbərliyi ciddi maraqlanır. Paytaxt təmsilçisinin gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze həmyerlisini komandasında görmək niyyətindədir. 2004-06-cı illərdə milli komandaya mütəmadi dəvət alan K.Mjavanadzenin klub karyerasının zirvə nöqtəsi Moskvanın “Spartak” klubu ilə bağlıdır. O, 1997-2000-ci illərdə vətənində, Batumi “Dinamo”sunda 37 oyun keçirib. Daha sonra “Spartak”a transfer olunan müdafiəçi yeni komandasında 1 mövsümdə cəmi 4 matça çıxıb. Ardından K.Mjavanadze “Anji” ilə müqavilə bağlayıb və 5 il (2002-05, 2007) bu komandanın şərəfini qoruyub. 29 yaşlı futbolçu son mövsümdə Ukraynanın “Çernomorets” klubunda oynayıb. Ukraynalı jurnalistlər K.Mjavanadzenin “Standard”a keçəcəyini inandırıcı saymırlar. Çünki maliyyə imkanları o qədər də güclü olmayan K.Sxadadzenin komandasını müdafiəçiyə görə güclü rəqabət gözləyir. Bu oyunçunu “Anji”nin geri qaytarmaq istəməsi ilə yanaşı, digər komandamız “Xəzər-Lənkəran” da K.Mjavanadzenin transferində maraqlıdır.
0