Vlastimil Petrjela: “Çexiya milli komandasına rəhbərlik etmərəm”
27.06.2008 - 10:53
Vlastimil Petrjela: “Çexiya milli komandasına rəhbərlik etmərəm”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Çexiya Futbol Federasiyasında hərc-mərclik hökm sürür. Bu səbəbdən dəqiq deyə bilərəm, mən Çexiya milli komandasına rəhbərlik etmərəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib. 55 yaşlı mütəxəssis Karel Bruknerin xələfi olmaq istəmədiyini bildirib: “Çexiya yığmasına kimin baş məşqçi təyin olunacağını bilmirəm. Mənə dəvət gələcəyi halda üç dəfə yox deyəcəyəm. Hazırda Rusiyadan aldığım təklifləri götür qoy edirəm. Tezliklə onlardan birini qəbul edəcəyəm”. Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının oyunlarını izləyən V.Petrjela daha çox İspaniya milli komandasının oyununu bəyənir. Rusiya və Hollandiyanın göstərdiyi futbolu da yüksək qiymətləndirən çexiyalı mütəxəssis ümumilikdə turnirin baxımlılığından narazıdır: “Avropa çempionatından zövq ala bilmirəm. Fikrimcə, dünya çempionatı daha maraqlı keçir. Burada isə mənasız oyunların sayı çoxdur. Komandalar daha çox taktika haqda düşünür, rəqibin səhvini gözləyirlər. Məsələn, İtaliya - İspaniya oyununun nə dəyəri vardı? Dünya çempionu cəmi bir hücumçu ilə mübarizə aparır. Bu faciəvi futboldur”.
Qeyd edək ki, 2007-ci ildə Azərbaycana gələn V.Petrjela “Neftçi”də 4 ay çalışıb.
0