“Neftçi” sabah İntertoto kubokunda ikinci mərhələyə yüksələ bilər
27.06.2008 - 12:59
“Neftçi” sabah İntertoto kubokunda ikinci mərhələyə yüksələ bilər
Komandamız Bakı vaxtı ilə saat 20:00-də başlayacaq matçda İntertotoda 4 illik uğursuzluq sindromumuza son qoymalıdır. Belə ki, klublarımız 2004-cü ildən indiyədək turnirdə mübarizəni elə ilk mərhələdəcə dayandırır. İntertotoda sonuncu dəfə “Xəzər Universiteti” klubu mərhələyə adlaya bilib. Əslində, həmin vaxt rəqib Avstriyanın “Kazino” klubuna adı UEFA-ya göndərilən iştirak ərizəsinə salınmayan futbolçunu meydana buraxması ucbatından verilən texniki məğlubiyyət (0:3) mərhələ adlamağımızda böyük rol oynamışdı. Maraqlıdır ki, Avstriyada keçirilən matçın baş hakimi “Nitra” - “Neftçi” görüşünü idarə edəcək Novo Panic olub.
Azərbaycan klubları 10 ildir mübarizə apardığı İntertotoda cəmi iki dəfə mərhələ keçməyə müvəffəq olub. Hər iki halda, həm “Xəzər Universiteti”, həm də Ağdamın “Qarabağ” klubunun (1999-cu ildə) baş məşqçisi Böyükağa Ağayev olub. Onun “Neftçi”nin sükanı arxasında həmkarı Anatoli Demyanenko də futbol tariximizə düşməyə yaxındır. Belə ki, 49 yaşlı ukraynalı flaqmanı İntertotonun ikinci mərhələsinə çıxaracağı halda, avrokuboklarda Azərbaycan klublarının sükanı arxasında mərhələ adlamış ilk əcnəbi mütəxəssis olacaq. Bunadək türkiyəlilər Rasim Kara (“Xəzər-Lənkəran”) ilə Fuad Yaman (“Karvan”), habelə İqor Nakoneçnı (“MKT-Araz”) buna çalışsa da, əyalət təmsilçiləri qitə miqyaslı turnirdə əcnəbi məşqçilərin rəhbərliyi altında mübarizəni elə ilk mərhələdən sonra dayandırıb. “Neftçi” isə sonuncu dəfə avrokuboklarda üç il öncə mərhələ adlayıb. Flaqman Çempionlar Liqasının birinci təsnifat mərhələsində İslandiyanın “Hafnarfyordur” klubunu hər iki matçda məğlub etməklə, Belçikanın “Anderlext” klubu ilə görüşmək imkanı qazanıb. “Neftçi” mərhələ adlayacağı halda, rəqibi yenə Belçika təmsilçisi olacaq və ilk matçı səfərdə keçirəcək. Ancaq fərq ondadır ki, bu dəfə komandamızı “Anderlext” yox, ondan xeyli zəif “Jerminal” klubu ilə sınaq gözləyir.
Qeyd edək ki, İntertotoda ikinci mərhələ oyunları iyulun 5-də və 12-də keçiriləcək.

UEFA-İntertoto kubokunun birinci mərhələsi, cavab oyunu
28 iyun

“Nitra” (Slovakiya) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Novo Panic (Bosniya və Herseqovina)
Hakim-köməkçiləri: Qoran Lepir, Mato Stanic (hər ikisi Bosniya və Herseqovina)
Ehtiyat hakim: Tomas Somolani (Slovakiya)
Hakim-inspektor: Plarent Kotherja (Albaniya)
UEFA nümayəndəsi: Filipp Pritçard (Uels)
0