Mahir Şükürov: “Xəzər-Lənkəran”dan maddi məsələlərə görə gedə bilərdim”
27.06.2008 - 18:00
Mahir Şükürov: “Xəzər-Lənkəran”dan maddi məsələlərə görə gedə bilərdim”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran”dan maddi məsələlərə görə gedə bilərdim. Qışda kluba keçən zamanı “6 ay + 1 il” şərtilə bağladığım müqaviləyə mövsüm başa çatandan sonra baxıldı. Milli komandamızın hazırlığından qayıdandan sonra klub rəhbərliyi ilə söhbətdə anlaşma baş tutmamışdı”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran”ın müdafiəçisi Mahir Şükürov deyib. Lənkəran klubunun transferə çıxararaq, sonradan saxladığı 26 yaşlı futbolçu “İnter”ə qayıtmaq variantının olduğunu təsdiqləyib: “Karyeramı paytaxt klubunda davam etdirmək istədiyim üçün yenidən “İnter”də çıxış etmək variantı var idi. Hər halda, danışıq apardığım yalnız bu klub idi. “Xəzər-Lənkəran”la müqaviləmin olması digər klubları məni transfer etməkdən çəkindirdi. Əks təqdirdə, yəni sərbəst futbolçu olsaydım, vəziyyət başqa cür olacaqdı. Komanda hazırlığa başladığı vaxtda taleyimə aydınlıq gəlməli idi. Baş məşqçimiz Ağasəlim Mircavadovla söhbətimdən sonra o, klub prezidenti Mais Mənsimovla görüşümə şərait yaratdı. Prezidentlə budəfəki görüşdə razılığa gəldik. Futbolçu klub rəhbərliyinə maddi məsələləri diqtə edə bilməz. Yeni müqavilənin maliyyə tərəfi ilə bağlı ortaq məxrəcə gəldik”. M.Şükürov komandasının Avstriyadakı hazırlıq prosesinə sonradan qoşulacağını söyləyib: “Bu, viza problemlərinə görədir. Çünki komandakı taleyim bəlli olmadığından, viza açılmayıbmış. Ola bilsin ki, mənim kimi transferə çıxarılaraq, sonradan saxlanılan Yakuba Bamba ilə birgə gələn həftə Avstriyaya yola düşdüm. “Xəzər-Lənkəran”ın heyətində UEFA kuboku oyunları mənim üçün önəmlidir. Axı bu, ümumiyyətlə, avrokuboklarda debütüm olacaq. İndiyə kimi “Karvan” və “Neftçi” ilə UEFA kubokuna vəsiqə qazansam da, mövsüm bitəndən sonra komandalardan getdiyim üçün, qitə miqyaslı turnirlərdə çıxış etməmişəm. “Xəzər-Lənkəran”la UEFA kubokunda imkan daxilində çox mərhələ keçmək istəyirəm”.
0