“Gənclərbirliyi” klubunun prezidenti: “Demək olar ki, komandamız artıq dağılıb”
01.07.2008 - 11:44
“Gənclərbirliyi” klubunun prezidenti: “Demək olar ki, komandamız artıq dağılıb”
Sumqayıt. Mehman Süleymanov - APA-Sport. “Demək olar ki, komandamız artıq dağılıb. Hər halda, bundan sonra klub saxlamaq niyyətində deyiləm”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Sumqayıtın “Gənclərbirliyi” futbol klubunun prezidenti İlqar Nuriyev deyib. Ötən mövsümün yekunda Azərbaycan Premyer Liqasını tərk edən komandanın rəhbəri bildirib ki, birinci divizionda mübarizə aparmaq perspektivləri azdır: “Yəni, Premyer Liqada autsayder olub yenidən birinci diviziona düşməyin nə mənası var? İndiyədək xeyli pul xərcləmişəm amma faydası olmayıb. Daha belə niyyətim yoxdur”. İ.Nuriyev 2003-cü ildən fəaliyyət göstərən klub üçün xərclədiyi məbləği açıqlamaqdan çəkinməyib: “Belə komandanın bir illik xərci bir milyon dollar təşkil edir. Son mövsümdə 800 min dollar xərclədim ki, bunun da nəticəsi göz qabağında oldu. Yəni, Premyer Liqanı tərk etdik. Komandaya son beş ildə təxminən 5 milyon dollar xərcləmişəm”. İ.Nuriyev Premyer Liqada çıxışlarını davam etdirməklə bağlı AFFA prezidenti Rövnəq Abdullayevə müraciət etmədiyini vurğulayıb: “Şəxsən mən bu təşəbbüslə çıxış etməmişəm. Ümumiyyətlə, kiməsə müraciət etmək fikrim də yoxdur”.
0