Qyoko Hacievski: “Rabotniçki”nin əvvəlki heyəti olsaydı, “İnter” üçün çətin olardı”
01.07.2008 - 15:35
Qyoko Hacievski: “Rabotniçki”nin əvvəlki heyəti olsaydı, “İnter” üçün çətin olardı”
Makedoniyalı çalışdırıcı bildirib ki, Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Bakının “İnter” və Skopyenin “Rabotniçki” klublarının görüşünü izləyə bilməyəcəyindən təəssüflənir: “İyulun 15-də Bakıda keçiriləcək bu matça baxmağı çox istərdim. Ancaq həmin vaxt “Bakı” ilə birgə Sloveniyaya təlim-məşq toplanışında olacağam. Açığı, indiki “Rabotniçki” haqda ətraflı məlumatım yoxdur. Çünki komandada böyük dəyişikliklər olub. Klubun rəhbərliyi ilə yanaşı, heyəti də dəyişib. Fikrimcə, əvvəlki heyəti olsaydı, “İnter” üçün çətin olardı. Çünki gördüyüm həmin heyət çox güclü idi. Hazırkı vəziyyətdə şansları bərabər sayıram.
Q.Hacievski “Rabotniçki”nin baş məşqçisi Boban Babonskini yaxşı tanıdığını söyləyib: “O, rəhbərliyim altında “Vardar”da və Sofiyanın MOİK klubunda çıxış edib. Yaxşı müdafiəçi olub. Almaniya, İspaniya və Yaponiyada çıxış edib. Bildiyimə görə, İspaniyada yaşayırmış və az öncə “Rabotniçki”nin sükanı arxasına keçib. “İnter” - “Rabotniçki” matçında hər iki komandaya uğurlar arzulayıram”.
0