Makedoniya komandaları Azərbaycan futbolunun tarixinə düşüb
01.07.2008 - 18:26
Makedoniya komandaları Azərbaycan futbolunun tarixinə düşüb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Makedoniya komandaları Azərbaycan futbolunun tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan təmsilçiləri indiyədək 8 dəfə makedoniyalılarla üz-üzə gəlib. Əsas milli komandaların DÇ-2002-nin seçmə mərhələsində keçirilən görüşlərində yığmamız uğursuz çıxış edib – 0:3, 1:1. Həmin görüşdə millimizin qolunu Fərrux İsmayılov vurub. Bu iki görüşədək baş tutan yoxlama matçında da rəqibimiz üstün olmuşdu – 1:2.
19 yaşlılardan ibarən yığmamız da makedoniyalılara qalib gələ bilməyib. Dörd il əvvəl keçirilən oyunda Nadir Qasımovun yetirmələri 0:1 hesabı ilə məğlub olub. Əvəzində digər iki komandamız makedoniyalılara 3 dəfə qalib gəlib. Maraqlıdır ki, oyunlarda qazandığımız üç qələbənin hamısı Azərbaycan futbolunun tarixinə düşüb. Gənclər arasında Avropa çempionatı-2002-nin seçmə mərhələsinin hər iki oyununda qalib gələn 21 yaşlılarımız 3 göstəricidə rekord müəyyənləşdirib. Səfərdə qazanılan 2:1 hesablı qələbə U-21-in tarixi ərzində rəqib meydanında əldə etdiyi ilk zəfərdir. Makedoniyalılar üzərində Bakıda qazanılan qələbə isə ikiqat əlamətdardır. Belə ki, Makedoniya U-21-i Azərbaycan futbolu tarixində hər iki oyunda udduğumuz yeganə yığma komanda kimi düşüb. Həm də həmin matç U-21-in tarixində rəsmi matçlardakı son qələbədir. Gənclər yığmasının qələbələrini səfərdə Samir Əliyevin dublu, Bakıda isə Ramal Hüseynovun qolu qazandırıb. Klub səviyyəsində makedoniyalılarla yeganə qarşılaşma “Kəpəz”in hesabındadır. 1999-cu ildə səfərdə “Sloqa Yuqomaqnat”a 0:1 hesabı ilə uduzan gəncəlilər öz meydanında Vidadi Rzayev və Ramiz Məmmədovun qolları ilə gəncəlilərə qələbə qazandırsa da, səfər qolu makedoniyalılara uğur gətirib. Lakin bu oyun komandalarımızın Çempionlar Liqası tarixində ilk qələbəsi kimi əlamətdar olub.
0