Zeynal Məmmədov: “Çurlinova güzəştə getdik”
02.07.2008 - 10:47
Zeynal Məmmədov: “Çurlinova güzəştə getdik”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubunun makedoniyalı hücumçusu Svetan Çurlinovla problemi həll olunub. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun vitse-prezidenti Zeynal Məmmədov 21 yaşlı futbolçunu bağışladıqlarını bildirib. Onun sözlərinə görə, S.Çurlinov etdiyi hərəkətindən peşman olub: “Svetan martda Makedoniyanın olimpiya yığmasının rəsmi oyununa çağırılandan sonra klubumuz sıralarına qayıtmadı. Bununla bağlı Makedoniya Futbol Federasiyasına, daha sonra UEFA-ya rəsmi müraciət etdik. Beynəlxalq futbol qurumundan bizə cavab gəlmədi. Çurlinovun agenti ilə əvvəldən tanışlığım vardı və o, qışda makedoniyalını komandamıza təklif etmişdi. Transferinə görə xərcə düşmədiyimiz hücumçuya görə yalnız aylıq məvaciblərin verilməsi nəzərdə tutulmuşdu ki, biz də buna əməl edirdik. Svetan hələ uşaqdır və səhv etdiyini özü də başa düşür. Çurlinovun agenti ilə ətraflı söhbət etdik və ona görə futbolçuya güzəştə getdik. Makedoniyalı hücumçu ilə anlaşmanı pozaraq, ona azad agent statusu vermişik”. Ç.Çurlinov ölkə kubokunu də nəzərə alsaq, “Bakı”nın heyətində 3 oyun keçirib. Qeyd edək ki, makedoniyalı hücumçunun karyerasını Ukraynada davam etdirmək variantı var.
0