Azərbaycan milli komandasına daha bir ukraynalı futbolçu çağırılıb
02.07.2008 - 15:46
Azərbaycan milli komandasına daha bir ukraynalı futbolçu çağırılıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Avstriyanın Vels şəhərində keçiriləcək “Yuxarı Avstriya kuboku” uğrunda yarışda mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-17) ilkin heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandanın baş məşqçisi Bernard Lippert 21 futbolçuya dəvət göndərib. İlk dəfə U-17-yə ukraynalı Kiril Bejenar cəlb olunub. O, Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun sabiq müdafiəçisi Sergey Bejenarın qohumudur. K.Bejenar yığmamızda həmyerlisi Andrey Popoviçlə birgə çıxış edəcək. Bundan başqa, Elvin Zeynalov, Rəhman Hacıyev, Murad Qurbanov, Tərlan Quliyev, Tural İsgəndərov, Araz Abdullayev, Amit Quluzadə, Mirhüseyn Seyidov, Rəşad Hacızadə, Azər Məmmədov, Qara Qarayev, Tanrıverdi Məhərrəmli, Ruslan Tağızadə, Elnur Abdulov, Eltun Yaqublu, Rəşad Hacızadə, Məhəmməd Qurbanov, Vüsal Cəfərov və Aqşin Muxtaroğlu U-17-yə çağırılıblar. İyulun 7-də start götürəcək turnirə 21 futbolçunun aparılması nəzərdə tutulsa da, heyətdə dəyişiklik olunacağı istisna deyil. Milli komandamızın rəqibləri hələ müəyyənləşməyib. Bernard Lippertin yetirmələri 5 gün davam edəcək yarışın ardından Almaniyanın Münhen şəhərinə yollanaraq, bir həftəlik təlim-məşq toplanışı keçəcəklər.
0