“Srvena Zvezda” klubuna Çempionlar Kubokunu qazandıran baş məşqçi Azərbaycandan təklif alıb
02.07.2008 - 16:57
“Srvena Zvezda” klubuna Çempionlar Kubokunu qazandıran baş məşqçi Azərbaycandan təklif alıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. 1991-ci ildə Avropanın ən nüfuzlu futbol turnirində Yuqoslaviyanın “Srvena Zvezda” klubuna qələbə qazandırmış baş məşqçi Lyupko Petroviç Azərbaycandan təklif alıb. “APA-Sport” agentliyinin məlumatına görə, 61 yaşlı mütəxəssis Bolqarıstan mətbuatına açıqlamasında Azərbaycanla yanaşı, Xorvatiya və Makedoniyadan da aldığı dəvətlərdən imtina etdiyini bildirib. Futbolçu karyerası “Osiyek”lə bağlı olan L.Petroviç məşqçilik fəaliyyətinə də bu komandada başlayıb. Vətənində “Spartak” klubuna rəhbərlik etmiş mütəxəssis Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Olimpik”in UEFA kubokundakı rəqibi “Voyvodina” komandasına 1989-cu ildə ölkə çempionluğu qazandırıb. L.Petkoviç 1990/91 və 1994/95-ci illərdə rəhbərlik etdiyi “Srvena Zvezda” ilə iki dəfə Yuqoslaviya çempionu, bir dəfə Çempionlar kubokunun qalibi və bir dəfə ölkə kubokunun sahibi olub. Vaxtilə “Espanyol” (İspaniya), “Penyarol” (Uruqvay), PAOK, “Olimpiakos” (hər ikisi Yunanıstan), Bolqarıstanın “Liteks” və “Levski”, həmçinin Çin komandalarında çalışan serbiyalı məşqçi karyerasını Bolqarıstanda davam etdirmək istəyib. L.Petkoviç az öncə Mezdnanın “Lokomotiv” klubu ilə anlaşıb.
0