Qarabağa layiq olmayan “Qarabağ”
02.07.2008 - 15:08
 Qarabağa layiq olmayan “Qarabağ”
Bizdə Ağdam klubuna sevgini, istəyi, məhəbbəti Qarabağ yaradıb, Qarabağın yoxluğu...
Məhəbbətdən nifrətə cəmi bir addımdır. Görəsən, minlərlə azarkeşin, o cümlədən məcburi köçkünlərin, xüsusilə ağdamlıların son vaxtlar bu komandadan üz döndərməsindən “Qarabağ” rəhbərliyinin xəbəri varmı? “Azersun Holdinq”in himayəyə götürdüyü klubun rəsmilərinin nə işlə məşğul olduqlarını anlamaq müşkül məsələdir. Bunlar ölkəmizdə futbolun inkişafına çalışırlar, “Qarabağ”ı qitə miqyaslı yarışlara daşımaq istəyirlər, yoxsa əsas məqsəd istehsal sahəsinin çiçəklənməsinə nail olmaqdır? Bir aksiomanı qeyd etmək istəyirəm: bu məmləkətdə futbol klubları biznes və vəzifə arzularını reallaşdırmaq üçün bir vasitədir və elə bu məmləkətdə sırf futbol marağı, “idmanın şahı”nın inkişafı naminə pulundan, malından keçənləri saymaq üçün bir əlin barmaqları kifayətdir...
Yaddaşımda 2001-2004-cü illər ərzində “Qarabağ” rəhbərliyinin təşkil etdiyi silsilə tədbirlər xüsusi iz buraxıb. “Həftə səkkiz, mən doqquz” “Azersun Holdinq”in mədəniyyət sarayında mətbuat konfransı keçirilərdi. Özü də hər dəfə klubun vitse-prezidenti Tahir Gözəl GÖZƏL çıxışları ilə diqqət mərkəzində olurdu. Bir sürü gəlişigözəl sözləri yığıb parlaq gələcəkdən danışır, bəzən saatlarla nitq söyləyirdi. O deyirdi: “Biz “Qarabağ”la yüksək zirvələri fəth edəcəyik. Çünki Qarabağ bizim ürəyimizdədi”. Xeyr, Tahir bəy, Qarabağ Ermənistanın işğalı altındadır! Hələ də...
Aradan illər keçsə də, Tahir Gözəl yenə öz ampluasında qalıb. Ötən günlərdə mətbuat nümayəndələrini bir araya gətirən vitse-prezident özü üçün şirin xəyallar qurmuşdu. Tezliklə bazanın, möhtəşəm stadionun inşa olunacağını bildirən Tahir Gözəl nitqini belə yekunlaşdırdı: “Biz inqilab edəcəyik!” Söhbət hansı inqilabdan gedir? Yoxsa Azərbaycanda burjua inqilabı olacaq?
“Qarabağ”ın baş məşqçisi Rasim Kara haqqında vətəni Türkiyədə məşhur deyim var: “Toyda oynamaz, yasda ağlamaz”. Vaxtilə İstanbul “Beşiktaş”ında, Türkiyə milli komandasında çalışan Karanın futbolumuza xeyir verəcəyi heç ağlıma gəlmir. İndiyədək heç bir nüfuzlu və perspektivli türk məşqçinin Azərbaycanda fəaliyyət göstərməməsi təsadüfi hal deyil, onlar burada çalışmağı özlərinə rəva bilmirlər. Əgər Rasim Kara bununla razılaşıbsa, deməli, futbol, azarkeş, avrokuboklar, tarixi qələbələr çoxdan arxa plana keçib...
Kara müsahibələrinin birində deyib ki, “Mən gənclərdən ibarət güclü kollektiv formalaşdırıram, “Qarabağ”dan 5 il çempionluq gözləməyin”. Lap əntiqə! Əgər belədirsə, 35 yaşlı makedoniyalı futbolçu Artim Şakiri komandada nə gəzir? Hətta “Qarabağ”ın mətbuat xidməti tərəfindən 37 yaşlı Hakan Şükür, 35 yaşlı Jardel (!), 32 yaşlı Hasan Şaşla maraqlandıqları barədə KİV-ə palaz-palaz materiallar ötürülürdü. Deməli, Rasim Kara az öncə verdiyi vədinə xilaf çıxıb. Hakan Şükür, Hasan Şaş, Jardeldən söz düşmüşkən, qeyri-peşəkarlıq məqamlarına toxunmaq istəyirəm. “Qarabağ” klubunun mətbuatla əlaqələndiriciləri yazılı və ya elektron KİV-ə ötürülən bütün xəbərlərə diqqətlə yanaşmalıdırlar. Bizlər 10 xəbərindən 9-u yalan çıxan türkiyəli jurnalistlər deyilik! Artim Şakirinin müqaviləsinin maddi dəyəri isə bəlkə də hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Makedoniyalı futbolçunun bir aylıq maaşının 251 manat olduğu bildirilir. Bəyəm, Şakiri bu pula Azərbaycanda futbol oynayar? Bütün futbol ictimaiyyətini aldadan “Qarabağ” rəhbərliyinə deməyə söz tapmıram.
Bəli, bu bizim “Qarabağ”dır. Alnına beynəlxalq yarışlarda böyük hesablı məğlubiyyətlər yazılan, rəhbərliyində qeyri-futbol adamları toplaşan və ən nəhayət, Qarabağa layiq olmayan “Qarabağ”...
0