Zaur Tağızadə “Jerminal” klubuna qarşı oynayacaq
03.07.2008 - 11:18
Zaur Tağızadə “Jerminal” klubuna qarşı oynayacaq
Problemi həll olunmasına baxmayaraq, məşqlərin fiziki hazırlıq hissəsini buraxması futbolçuya çətinlik yaradır. Komandanın baş məşqçisi Anatoli Demyanenko Z.Tağızadəyə güvənəcəyi halda, İntertoto kubokunun ikinci mərhələsi çərçivəsində Belçikanın “Jerminal” klubu ilə səfərdə keçiriləcək görüşdə meydana buraxacaq. Digər zədəli futbolçulardan hücumçu Samir Əliyev fərdi məşqlərlə kifayətləndiyi halda, Svetoslav Stefanovla Março Dafçev komanda ilə birgə hazırlıq keçirlər. Amma həkimlər bolqarıstanlı yarımmüdafiəçilərin top uğrunda mübarizəyə girişmələrinə hələlik icazə vermirlər. “Neftçi” “Jerminal”la görüşə hazırlığını Hollandiyanın Arnem şəhəri yaxınlığındakı Oosterberkdə bu gün başa çatdıracaq. Sabah Belçikanın Antverpen şəhərinə yollanacaq komanda “Skandik” otelində məskunlaşacaq. Futbolçular sabah oyunun keçiriləcəyi “Olimpiya” stadionunda məşqə çıxacaq. Belçikalılarla görüşə gündə iki dəfə olmaqla, çalışmalarda taktiki hazırlığa diqqət yetirən A.Demyanenko rəqibin ölkə kubokunun yarımfinal mərhələsində “Anderlext” klubu ilə cavab oyununun (1:1) videoyazısını əldə edib. Bu matçı izləyən komanda üzvləri “Jerminal”la “Anderlext”in ölkə çempionatındakı Brüsseldə keçirilmiş görüşünün videoyazısına da baxacaq. A.Demyanenko rəqibin üçüncü divizion təmsilçisi “Kapellon” klubu ilə yoxlama oyununa (0:0) köməkçisi İqor Getmanı göndərib. 37 yaşlı məşqçi “Jerminal”ın heyətində ustalıq səviyyəsi yüksək olan futbolçuların yer aldığını bildirib: “Rəqibin heyətində çox sürətli və texnikalı iki hücumçu var. Bunlar - Tosin Dosunmu və Sabah Malki rəqib müdafiəsini həmişə gərginlikdə saxlayır. Xüsusilə, güclü zərbələrə malik Dosunmu tez-tez uzaqdan vurduğu zərbələrlə qapıçını narahat edir. Cərimə meydançasına ötürmə zamanı isə bütün hündürboylu oyunçuları hücuma qoşulur. Ötən ilki heyətdən iki futbolçu komandanı tərk etsə də, bir serb müdafiəçi, həmçinin seneqallı və belçikalı yarımmüdafiəçilərlə heyətlərini gücləndiriblər. Fərdi ustalığa malik oyunçuları çox olsa da, komanda oyununa üstünlük verirlər. Buna baxmayaraq, səfərdə əlverişli nəticə əldə etməyə çalışacağıq”.
0