Marko Mitroviç: “Voyvodina” “Olimpik”lə görüşün favoritidir”
03.07.2008 - 11:30
Marko Mitroviç: “Voyvodina” “Olimpik”lə görüşün favoritidir”
Atırau. Mehman Süleymanov - APA-Sport. “Olimpik”i tərk etdikdən sonra son iki ildə komandanın çıxışı haqda internetdən məlumat əldə etmişəm. Sabiq klubumun çempionluğun bir addımlığında olduğu halda, son turda qızıl medallar qazana bilməməyinə üzüldüm”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Olimpik” komandasının sabiq serbiyalı futbolçusu Marko Mitroviç deyib. Hazırda Qazaxıstanın “Atırau” klubunun şərəfini qoruyan 30 yaşlı yarımmüdafiəçi “Olimpik”in UEFA kubokunda rəqibi olan Serbiyanın “Voyvodina” komandasını yaxşı tanıdığını söyləyib: “Düzdür, karyeram boyu bu komandada çıxış etməsəm də, ona qarşı çox oynamışam. Elə “Olimpik”də rəhbərliyi altında çıxış etdiyim həmyerlim Petar Kurçubiçlə birgə “Banat” klubunda “Voyvodina” ilə görüşün iştirakçısı olmuşam. “Olimpik”in rəqibi “Srvena Zvezda” və “Partizan” kimi güclü olmasa da, hər halda, Serbiyada üçüncü böyük klubdur. Təhlükəli rəqib olan “Voyvodina”da gənc futbolçular çoxluq təşkil edir”. “Olimpik”də kapitan sarğısını daşımış serbiyalı futbolçu keçmiş komandasının avrokubokların debütant olmasını problem sayır: “Olimpik” son iki ildə böyük dəyişikliklərə məruz qalıb ki, bu da ilk növbədə heyətlə bağlıdır. Ən böyük problemi avrokuboklarda təcrübəsinin olmamasıdır. Komandanın ilk dəfə qitə miqyaslı turnirdə çıxış etməsi işini çətinləşdirəcək. Avrokuboklarda beynəlxalq oyun təcrübəsi böyük rol oynayır ki, “Voyvodina”nın belə problemi yoxdur. Həmyerlilərim bu planda “Olimpik”dən üstündür və mərhələ keçmək şansı yüksəkdir. “Voyvodina”nı bu cütdə favorit sayıram”.
0