Arkadiuş Kasperjak: “Xəzər-Lənkəran” UEFA kubokunda uğur qazanmaq haqda düşünmür”
03.07.2008 - 13:34
Arkadiuş Kasperjak: “Xəzər-Lənkəran” UEFA kubokunda uğur qazanmaq haqda düşünmür”
Poznan. Mehman Süleymanov - APA-Sport. “Püşk bizim üçün bundan qat-qat yaxşı, bir qədər pis də ola bilərdi. Hər halda, “Xəzər-Lənkəran” səddini keçmək bizim üçün ciddi problem olmamalıdır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran”ın UEFA kubokunda rəqibi Polşanın “Lex” klubunun vitse-prezidenti Arkadiuş Kasperjak deyib. Nyonda “Xəzər-Lənkəran” rəhbərliyi ilə görüşən A.Kasprjak komandamızın bu turnirdə qarşısına böyük vəzifə qoymadığı fikrinə düşüb: “Məndə belə təəssürat yaranıb ki, “Xəzər-Lənkəran” bu turnirdə ciddi məqsədi yoxdur. Rəqibimiz UEFA kubokunda böyük nailiyyət əldə etmək haqda düşünmür”. “Lex” rəsmisi Azərbaycana səfər xərclərindən narahat olub: “Oyuna cəmi iki həftə vaxt qaldığından, bütün problemləri həll etmək üçün əlavə xərcə düşəcəyik. Bunlar əsasən vizalarla bağlıdır. Məsələn, perulu futbolçularımıza viza açmaq bizə çox baha başa gələcək”. “Xəzər-Lənkəran” səddini aşacaqlarını deyən A.Kasprjak iyulun 17-də keçiriləcək səfər matçının Bakıda yox, Lənkəranda baş tutmasını istəyir: “İndiki vəziyyətdə nə qədər çətinliyimiz olsa da, bu, “Qafqazın Çelsi”si adlandırılan “Xəzər-Lənkəran”ın bizi UEFA kubokunda kənarlaşdıracağı demək deyil. Lənkəran İranın sərhədinə yaxın olsa da, oyunu orada keçirməyə üstünlük verərdik. Bakıdan Lənkərana avtobusla 250 km qət etmək lazımdır. Bununla belə, Bakıda 40 dərəcə isti olduğu üçün orada oynamaq çətindir. Lənkəran isə kurort şəhəridir”.
0