“Standard” klubu Gürcüstan yığmasının qapıçısını transfer edib
03.07.2008 - 14:14
“Standard” klubu Gürcüstan yığmasının qapıçısını transfer edib
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “Standard” klubu Gürcüstanın olimpiya yığmasının qapıçısı Mixail Alavidzeni transfer edib. Bu haqda “APA-Sport” agentliyinə komandanın baş məşqçisi Kaxaber Sxadadze məlumat verib. Qapıçını Tiflisin “Lokomotiv” klubunda çıxış etdiyi zamandan tanıdığını bildirən K.Sxadadzenin sözlərinə görə, 21 yaşlı M.Alavidze Gürcüstanın olimpiya yığmasında çıxışını bu il başa vuracaq: “Əsas yığmaya da namizəd sayıla bilən Alavidzenin perspektivli qapıçı kimi bizə faydası dəyəcək. Onunla bir illik müqavilənin bağlanması nəzərdə tutulub. “Neftçi”dən gələn qapıçı Hüseyn Məhəmmədova təcrübəli qapıçı kimi daha çox güvənirik. Hüseyn yeni mövsümdə komandamızda liderlərdən biri olmalıdır”. Yerli futbolçulardan H.Məhəmmədovla yanaşı, “Qarabağ”dan müdafiəçi Aftandil Hacıyev, “Qəbələ”dən yarımmüdafiəçi Camal Məmmədovu heyətinə cəlb edən “Standard” köhnə futbolçuların bir neçəsi ilə müqavilələri uzadıb. Bunlar Ruslan Əmircanov, Rəcəb Fərəczadə, litvalı müdafiəçi Edvinar Lukaşeviçus, uruqvaylı hücumçu Anhel Qutyerresdir. İyulun 12-də Bolqarıstana iki həftəlik təlim-məşq toplanışına yollanacaq “Standard” orada 4-5 yoxlama oyunları keçirəcək.


0