AFFA-nın İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlanıb
03.07.2008 - 14:30
AFFA-nın İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlanıb
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA-nın İcraiyyə Komitəsinin (İK) iyulun 5-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıda legioner limiti, legioner futbolçular üçün rüsumun müəyyənləşdirilməsi, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin çempionatının və iştirakçı komandaların nəzdində U-17-lərin turnirinin keçirilməsi, 2009/10-cu il mövsümündən başlayaraq, hər stadiondan yalnız 1 və ya 2 komandanın istifadə etməsi, 2008-09-cu il mövsümünün başlanma vaxtı, komitə sədrlərinin təsdiqlənməsi və digər məsələlər müzakirə ediləcək.
Premyer Liqada yeni mövsümün avqustun 10-dək başlanması nəzərə tutulub. İK-da legioner limitinin ləğv olunacağı və bunun qarşılığında əcnəbi futbolçulara görə rüsumların məbləğində 8000 manatdan 20000 manata qaldırılacağı ilə bağlı qərar çıxarılacağı gözlənilir. Yeni yaradılan Azərbaycan Peşəkar Futbol Liqasının tələblərinə uyğun olaraq, yeni mövsümdən klubların nəzdində 17 yaşlılardan ibarət komandaların turniri keçiriləcək. 2009/10 mövsümündən başlayaraq, hər stadionda maksimum iki komanda ev oyunlarını keçirə biləcəyi bağlı qərar çıxarılacaq. Bununla da yüksək liqada çıxış edən klublara öz stadionlarının olması üçün bir il vaxt veriləcək. AFFA-nın bir sıra komitə sədrlərinin təsdiqlənməsi Hakimlər və Hakim-İnspektorlara aid olacaq. Belə ki, Xaqani Məmmədovun sədrlik etdiyi komitənin yeni üzvləri təsdiqlənəcək. Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsindən azad ediləcək Rüfət Əmirovu bu postda Gülağa Cabbarovun əvəzləyəcəyi də İK-nın qarşıdakı toplantısında öz təsdiqini tapacaq. G.Cabbarov vaxtilə AFFA-nın Hakimlər Komitəsinə sədrlik edib.
Qeyd edək ki, Tofiq Fətullayevin rəhbərlik etdiyi AFFA-nın Nizam-İntizam Komitəsinin sədri postunda da dəyişikliyin olacağı gözlənilir.


0