“Xəzər-Lənkəran” “Spartak” klubunun hücumçusunu baxışa çağırıb
03.07.2008 - 16:39
“Xəzər-Lənkəran” “Spartak” klubunun hücumçusunu baxışa çağırıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Hücumçu axtarışında olan “Xəzər-Lənkəran” klubu daha bir bolqarıstanlı futbolçunu heyətinə qatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycanı UEFA kubokunda təmsil edəcək lənkəranlılar 21 yaşlı Vladislav Mirçevi Avstriyada keçirilən təlim-məşq toplanışına dəvət edib. Bir ildir “Xəzər-Lənkəran”da çıxış edən bolqarıstanlı müdafiəçi Radomir Todorov Varnanın “Spartak” klubundan tanıdığı həmyerlisini hazırkı komandasına məsləhət görüb. Lənkəranlıların baş məşqçisi Ağasəlim Mircavadov Avstriyadakı toplanış zamanı V.Mirçevi sınayaraq, hücumçu ilə bağlı qərar verəcək. Karyerasına “Spartak” klubunda başlayan futbolçu bir müddət Burqas “Çernomorets”inin şərəfini qorusa da, yenidən Varna təmsilçisinə qayıdıb. Bir müddət əvvəl Belarusun “Dinamo” klubunun düşərgəsində olan V.Mirçev baş məşqçi tərəfindən bəyənilsə də, çalışdırıcının istefaya göndərilməsi transfer işlərinin dayandırılmasına səbəb olmuşdu. 2007/08 mövsümündə Bolqarıstanın güclülər dəstəsində 29 oyunda 2144 dəqiqə meydanda olan V.Mirçev 1 qol vurub və 5 sarı vərəqə alıb.
Qeyd edək ki, “Xəzər-Lənkəran” Avstriyada keçirdiyi toplanışa “Spartak”ın daha bir oyunçusu – 28 yaşlı bolqarıstanlı müdafiəçi Stanislav Jekovu dəvət edib.
0