“Neftçi”nin sabiq baş məşqçisi: “Rusiya klublarından təklif almışam”
03.07.2008 - 18:19
“Neftçi”nin sabiq baş məşqçisi: “Rusiya klublarından təklif almışam”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rusiya yığmasının Avropa çempionatının bürünc mükafatçısı olması, təkcə Avropanın yox, elə rusiyalıların özü üçün də böyük sürpriz oldu”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib. İspaniyanın Avropa çempionluğunu layiqli hesab edən V.Petrjela Avro-2008-nin ¼ finalında görüşən Hollandiya və Rusiya yığmalarının turnirdə ən baxımlı futbol oynadığını bildirib. Rusiyalı həmkarlarımız “Neftçi”dən getdikdən sonra artıq yarım ildir işsiz qalan 55 yaşlı çexiyalı mütəxəssisin bu müddətdə necə bekar qalmasını soruşub: “Hazırda mən işsiz deyiləm. Boş vaxtım demək olar yoxdur. Klublardan, o cümlədən Rusiya təmsilçilərindən təkliflər var. Ancaq real bir şey demək hələ tezdir”. V.Petrjela Rusiya çempionatının birinci divizionunda çıxış edən Ulyanovskun “Volqa” klubunun çalışdıracağı ilə bağlı xəbərləri təsdiqləməyib: “Bunlar hamısı boş söhbətdir. Ulyanovsk klubu həqiqətən mənə maraq göstərirdi. Mənim hətta “Volqa”nın prezidenti ilə söhbətim oldu. Ancaq sonrakı danışıqlar rəsmi səviyyəyə gəlib çıxmadı. Ancaq fikrimcə, yaxın vaxtlarda özümə yeni komanda tapacağam. Çox güman, bu, Rusiya klubu olacaq. Çexiya Futbol Federasiyasında nələr baş verdiyini yaxşı bildiyimdən, yığmamızda işim normal alınmaz”.
Qeyd edək ki, V.Petrjela dörd ay “Neftçi”nin baş məşqçisi olub.
0