Oğurluqda ittiham edilən FİFA hakimləri kimdir?
03.07.2008 - 18:36
Oğurluqda ittiham edilən FİFA hakimləri kimdir?
Bakı - APA-Sport. Ermənistanlı iki futbol hakimi Artur İqityan və Arman Eritsyan ömürlük diskvalifikasiya ediliblər. “APA-Sport” agentliyinin məlumatına görə, buna hakimlərin Kiprin paytaxtı Limasolda yerləşən mağazadan oğurluq etmələri səbəb olub. Ermənistan Futbol Federasiyasının mətbuat xidmətinin yaydığı bəyanatda belə deyilir: “İyunun 28-də İntertoto kubokunun birinci mərhələsinin cavab görüşü çərçivəsində Kiprin “Etnikos” və Albaniyanın “Besa” klubları arasında oyunu ermənistanlı Karen Nalbandyanın başçılıq etdiyi hakimlər briqadasına tapşırılmışdı. Matçdan sonra Nalbandyanın köməkçiləri Artur İqityan və Arman Eritsyan Limasol mağazalarının birindən oğurluq ediblər”. Bununla bağlı iyulun 2-də Ermənistan Futbol Federasiyasının Hakimlər Komitəsinin növbədənkənar iclası keçirilib. Toplantıda FİFA laynsmanları A.İqityan və A.Eritsyanın futboldan ömürlük uzaqlaşdırılmaları barədə qərar çıxarılıb.
0