Bojan Mixayloviç: “Böyük pulların xərcləndiyi Azərbaycan çempionatının qalibini zəif komanda adlandırmaq olmaz”
04.07.2008 - 09:37
Bojan Mixayloviç: “Böyük pulların xərcləndiyi Azərbaycan çempionatının qalibini zəif komanda adlandırmaq olmaz”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə qarşılaşmaqdan başqa heç nə düşünmürük. Düzdür, bunun üçün Azərbaycan çempionu “İnter” komandasını keçməliyik. “Rabotniçki” 4-5 səviyyəli futbolçu transfer edərsə, biz ikinci mərhələdə olacağıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakının “İnter” klubunun rəqibi olan Makedoniyanın “Rabotniçki” komandasının futbolçusu Bojan Mixayloviç deyib. 35 yaşlı oyun qurucusu bildirib ki, böyük pulların xərcləndiyi Azərbaycan çempionatında birinci olan “İnter”i zəif adlandırmaq olmaz: “Səviyyəli komandadır. Bu günlərdə rəqibimizin büdcəsinin 8 milyon dollar olduğunu oxudum. Bu isə o deməkdir ki, “İnter” rəhbərliyi Avropada heç olmasa birinci mərhələdə uğur əldə etməyi düşünür. Təbii ki, biz də qələbə haqda nikbin fikirdəyik. Bakıdakı ilk matçda yaxşı nəticə əldə etsək, Makedoniyada istəyimizə çatacağıq”.
0