“Lex” “Xəzər-Lənkəran”la oyun öncəsi transferlərə 1,6 milyon avro xərcləyib
04.07.2008 - 11:40
“Lex” “Xəzər-Lənkəran”la oyun öncəsi transferlərə 1,6 milyon avro xərcləyib
Bosniya və Herseqovinadan olan Semir Stiliçə təxminən 500 min, kolumbiyalı Manuel Arboledaya 450 min avro xərcləyən “Lex” digər iki futbolçunu nisbətən ucuz transfer edib. Polşa çempionatının ikinci dəstəsində ən sərrast futbolçu olan Robert Levandovski 350, Tomas Bandrovski təxminən 300 min avroya transfer olunub. 24 yaşlı T.Bandrovski Almaniya Bundesliqasında çıxış edən “Enerji” klubundan transfer olunub. Son beş ildə kotbusluların heyətində çıxış edən hücumçu Polşanın əvvəllər 21 yaşlılardan ibarət yığmasında da oynayıb. Bundesliqada 12, aşağı dəstələrdə 39 matç keçirən polşalı futbolçu “Xəzər-Lənkəran”la görüşdə yenidən vətənində oynayacaq. Klubun prezidenti Andjey Kadzinski üçün futbolçulara xərclənən paranın məbləği əhəmiyyət kəsb etmir: “Bizim üçün futbolçuya milyonlar xərcləmək problem deyil. Əsas aldığımız futbolçuların bu pullara dəyməsidir. Yəni, nəyə qadir olduğunu bilmədiyimiz oyunçunu almamalıyıq”. Digər “Lex” rəsmisi Yatsek Rutkovski də yarım milyon avroluq oyunçunun transferində riskin olduğunu düşünmür: “Dünyada qiyməti yarım milyon avro olan çox oyunçu var. Bu səbəbdən risk ehtimalı böyükdür. Lakin “Lex”in malik olduğu seleksiya şəbəkəsi riski minimuma endirir”.
Qeyd edək ki, bu 4 oyunçudan başqa azad agent statuslu Slavomir Peçkonu da heyətinə qatan “Lex” 6 futbolçu ilə vidalaşıb. Ötən mövsüm komandada çıxış edən Emilian Dolya, Prjemislav Pitri, Marçin Zayaç, İlyan Miçanski, Filip Burkhardt və Marçin Dimkovski artıq heyətdə yoxdur.
0