“İnter” Türkiyədə keçirdiyi iki yoxlama matçında 16 cavabsız qol vurub
04.07.2008 - 11:57
“İnter” Türkiyədə keçirdiyi iki yoxlama matçında 16 cavabsız qol vurub
İzmit. Mehman Süleymanov - APA-Sport. “İzmit klubları ilə yoxlama oyunlarımız məhsuldar alındı və 16 cavabsız qol vurduq. Adını xatırlamadığım komandalardan birini 10:0, digərini 6:0 hesabı ilə məğlub etdik”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək komandanın 69 yaşlı çalışdırıcısı son yoxlama matçında iki müxtəlif heyət buraxdığını söyləyib: “İzmit şəhərinin aşağı liqada çıxış edən təmsilçiləri ilə iki oyun keçirdik. 10:0 hesabı ilə qələbə qazandığımız görüşdə uruqvaylı hücumçumuz Valter Quqlemon 6 qol vurdu. Onunla yanaşı, Emin İmaməliyev, Mahmud Qurbanov, Elvin Məmmədov və Xəyal Mustafayev hərəyə bir dəfə fərqləniblər. 6:0 hesabı ilə qalib gəldiyimiz matçda isə Xaqani Məmmədov poker, bolqarıstanlı Petar Zlatinov dubl etdi”.
0