“Neftçi” Belçika komandaları ilə oyunlarda qələbə qazanan yeganə Azərbaycan klubudur
04.07.2008 - 13:08
“Neftçi” Belçika komandaları ilə oyunlarda qələbə qazanan yeganə Azərbaycan klubudur
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi” Belçika komandaları ilə oyunlarda qələbə qazanan yeganə Azərbaycan klubudur. “APA-Sport” agentliyinin məlumatına görə, sabah Belçikanın “Jerminal” və Bakının “Neftçi” klubları arasında keçiriləcək matçadək iki ölkə təmsilçiləri 5 dəfə qarşılaşıb. İlk oyun 2003-cü ilə təsadüf edib ki, tarixində ilk dəfə ikinci mərhələyə yüksələn U-17 Belçikada keçirilən turnirdə meydan sahiblərinə 0:1 hesabı ilə uduzub. AÇ-2008-in seçmə mərhələsində eyni qrupda yer alan milli komandaların matçlarında da yığmamız qol vura bilməyərək, iki dəfə yenilib – 0:3, 0:1. Avrokuboklarda yalnız “Neftçi” belçikalılarla qarşılaşmışdı. Bu dəfə “Jerminal”la görüşən flaqman 3 il əvvəl Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Anderlext”lə oyunlarda iki fərqli nəticə əldə etdi. İlk oyunda bütün Belçika yığmalarının üst-üstə komandalarımızın qapısına vurduğu qədər 5 top buraxan bakılılar Brüsseldə 0:5 hesabı ilə uduzub. Bakıda isə ilk dəfə belçikalılar təmsilçilərimizin qol vurmasına üzülüb. Üç il əvvəl “Neftçi”yə 1:0 hesablı qələbəni moldovalı legioner Vadim Boretsin penaltidən vurduğu qol qazandırıb.
0