“İnter” - “Rabotniçki” matçının başlanma vaxtı dəqiqləşib
04.07.2008 - 13:20
“İnter” - “Rabotniçki” matçının başlanma vaxtı dəqiqləşib
Bakı. Mehman Süleymanov - APA-Sport. Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “İnter” - “Rabotniçki” oyununun başlanma saatı dəqiqləşib. Arenanın direktoru Akif İsmayılovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, matç saat 21:00-da başlayacaq: “İnter”in prezidenti Georgi Nikolovun imzası ilə bu gün rəsmi məktub almışıq. Orada matçın 21:00-da başlanacağını göstərilib. Adətən meydan sahibi olan klub rəqibi ilə oyunun başlanma vaxtını razılaşdırdıqdan sonra stadionun rəhbərliyini xəbərdar edir”. A.İsmayılov iyulun 15-də keçiriləcək görüşdə tablonun olmayacağını bildirib: “İyunun 21-də İntertoto kubokunda “Neftçi” – “Nitra” oyununda UEFA nümayəndəsi ilə tablo barədə söhbətim olub. O, tablonun vacibliyini bildirməklə yanaşı, onun olmamağına görə hər hansı cəza, cərimənin nəzərdə tutulmadığını qeyd etdi. Yəni, İntertotoda olduğu kimi, Çempionlar Liqası və UEFA kubokunda da tablonun yoxluğuna görə bizi cəza təhlükəsi gözləmir”. A.İsmayılovun sözlərinə görə, tablo ən yaxşı halda, “Olimpik”in Serbiyanın “Voyvodina” klubu ilə iyulun 31-də Bakıdakı görüşə quraşdırılacaq: “Düzdür, tablo ilə bağlı işlərlə məşğul olan koreyalıların hələ ki vədləri ilə etdikləri üst-üstə düşmür. Halbuki, tələb olan pulu xeyli vaxtdır onların hesabına köçürmüşük. Koreyalılar ötən ayın sonunda işləri yekunlaşdıracağına söz versələr də, tablo heç gəlib çıxmayıb”.
Qeyd edək ki, ötən mövsüm başa çatandan sonra sökülən köhnə tablonun əvəzinə müasir standartlara cavab verən elektron tablonun quraşdırılması nəzərdə tutulub.
0