“Neftçi” avrokuboklarda yubiley oyununa çıxır
04.07.2008 - 14:52
“Neftçi” avrokuboklarda yubiley oyununa çıxır
Ötən mövsüm Belçika çempionatında 5-ci yeri tutan Antverpen təmsilçisi 1999-cu ildə “Jerminal Ekeren” ilə “Jerminal Beerschot” klublarının birləşməsindən yaranıb. Yeni adla avrokuboklarda cəmi iki oyun keçirən “Neftçi”nin rəqibi qələbə üzünə həsrətdir. Belə ki, 2005/06 mövsümündə UEFA kubokunda Marselin “Olimpik” klubu ilə hər iki görüşdə qolsuz heç-heçə edən “Jerminal” oyun sonrası penalti seriyasında uduzub – 1:4. Ümumilikdə, belçikalılar avrokuboklarda 19-cu matçına çıxacaq. 1991-ci ildən qitə miqyaslı turnirdə çıxış edən “Jerminal” 18 oyundan 7-də qələbə qazanıb, 7-də heç-heçə edib, 4-də uduzub (topların fərqi 26-28). “Neftçi”nin rəqibi avrokuboklarda sonuncu qələbəsini 10 il öncə qazanıb. Bu, UEFA kuboku çərçivəsində 1998-ci ilin avqustun 25-də İsveçrənin “Servett” klubu üzərində səfərdə (2:1) qazanılan qələbədir. “Jerminal”ın evdə sonuncu qələbəsi də 10 il əvvələ təsadüf edib. Komanda Bosniya və Herseqovinanın “Sarayevo” klubunu öz meydanında böyük hesabla (4:1) üstələyib. Antverpenlilərin avrokuboklarda ən yaxşı göstəricisi 1/8 finala çıxması olub. Onları artıq keçirilməyən Kuboklar Kubokunda (1997/98 mövsümü) mübarizədən Almaniyanın “Ştutqart” klubu çıxardıb.
“Neftçi” rəqibindən fərqli, sabahkı oyuna itkilərlə çıxacaq. Belə ki, Samir Əliyev, Svetoslav Stefanov və Março Dafçevin zədə problemi var. Bolqarıstanlı yarımmüdafiəçilərdən fərqli, S.Əliyevin “Jerminal”a qarşı oynamayacağı dəqiqdir. Kapitan Zaur Tağızadə zədəsini sağaldıb, komanda ilə birgə məşq etsə də, fiziki hazırlıq, oyun praktikası sarıdan problemi var.
Qeyd edək ki, “Neftçi” avrokuboklarda yubiley oyununu keçirəcək. Belə ki, “Jerminal”a qarşı keçiriləcək qarşılaşma flaqmanın avrokuboklarda 25-ci oyunu olacaq. İntertoto kubokunun ikinci mərhələsinin ilk oyununadək bakılılar qitə miqyasında 8 qələbə qazanıb, 3 heç-heçə edib və 13 dəfə məğlub olub (top fərqi 19-45).

İntertoto kubokunun ikinci mərhələsi, ilk oyun

5 iyul

“Jerminal” (Belçika) – “Neftçi” (Azərbaycan)

Baş hakim: Deyan Filipoviç (Serbiya)
Hakim köməkçiləri: Radovan Stepanoviç, Milan Miniç (hər ikisi - Serbiya)
Ehtiyat hakim: Lük Leroy (Belçika)
Hakim-inspektor: Yorn-Vest Larsen (Danimarka)
UEFA nümayəndəsi: David Petriaşvili (Gürcüstan)
0