Qənirə Paşayeva: “Azərbaycan milli komandasının üzləşdiyi problemə görə Fransa səfiri Milli Məclisə çağırılmalıdır”
04.07.2008 - 15:56
Qənirə Paşayeva: “Azərbaycan milli komandasının üzləşdiyi problemə görə Fransa səfiri Milli Məclisə çağırılmalıdır”
Bakı. Aqşin Əliyev - APA-Sport. Milli Məclisin bugünkü iclasında Fransanın Azərbaycandakı səfirliyinin çimərlik futbolu üzrə yığmamıza viza verməməsi məsələsinə toxunulub. “APA-Sport” agentliyinin məlumatına görə, bunu qabardan millət vəkili Qənirə Paşayeva səfirliyə etirazını bildirib. O, Fransa səfirliyinin viza vermədiyi üçün milli komandamızın bu ölkədə təşkil olunan Avropa Liqasından kənarda qaldığını söyləyib: “Futbolçularımızın üzləşdiyi problemə görə Fransa səfiri Milli Məclisə çağırılmalı və bu məsələ aydınlaşdırılmalıdır”. Milli Məclisin spikeri Oqtay Əsədov isə viza sisteminin yenidən işləndiyini, xarici ölkələrə gediş-gəlişin asanlaşdırılacağını vurğulayıb: “Xarici İşlər Nazirliyi hazırda bu məsələ ilə məşğuldur. Tezliklə xarici ölkələrə gediş-gəliş asanlaşdırılacaq”.
Azərbaycan Çimərlik Futbolu Federasiyasının baş katibi Ceyhun Xəlilbəyli isə “APA-Sport” agentliyinə açıqlamasında yaranan problemlə bağlı Fransa səfirliyini günahkar sayıb: “Biz hər şeyi qaydasında etmişdik. Amma Fransa səfirliyi lazım olan vaxtda deyil, yalnız dünən axşam saat 9-da komandamıza viza verdi. Həmin vaxt kassa işləmədiyindən səfərə yollana bilmədik. Bununla bağlı FİFA-ya və Beynəlxalq Çimərlik Futbolu Federasiyasına da müraciət etmişik. Hətta FİFA, AFFA, Beynəlxalq Çimərlik Futbolu Federasiyası və Gənclər və İdman Nazirliyi rəhbərliklərinin işə müdaxilə etmələrinə baxmayaraq, Fransa səfirliyi viza vermək istəmirdi”.
Qeyd edək ki, ilk dəfə Avropa Liqasına qatılmağa hazırlaşan milli komandamız təqvimə əsasən, bu gün Bakı vaxtı ilə saat 21:30-da Erik Kantonanın çalışdırdığı Fransa yığmasını sınağa çəkməli idi.
0