“Xəzər-Lənkəran” Hakan Şükürə hansı şərtləri irəli sürüb?
04.07.2008 - 17:11
“Xəzər-Lənkəran” Hakan Şükürə hansı şərtləri irəli sürüb?
Zalsburq. Mehman Süleymanov - APA-Sport. “Hakan Şükürə öz şərtlərimizi irəli sürmüşük. Qəbul edəcəksə, komandamızın futbolçusu olacaq. Biz ondan cavab gözləyirik”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. Onun sözlərinə görə, Türkiyə yığmasının 37 yaşlı sabiq hücumçusu Hakan Şükürün transferi üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirirlər: “Komandamızın daxili qayda-qanunları var ki, klubla müqavilə bağlayan oyunçu bununla razılaşmalıdır. Bir çox şərtlərimiz var və bunların hamısını Hakana demişik. Misal üçün, futbolçumuzun qazancına onun əsas heyətdəki oyunları təsir göstərir. Yəni, oyunçu start heyətdə keçirdiyi görüşlərin sayına uyğun məvacib olacaq. İstər gənc, istərsə təcrübəli futbolçu olsun, hamı üçün tələb eynidir və deyilən şərt oyunçunun əsas heyətə düşməsi ilə bağlı motivasiyasını artırır”. T.Nadirov braziliyalı yarımmüdafiəçi Mario Souza ilə bağlı problemin hazırlığa mənfi təsir göstərmədiyini söyləyib: “Souzanın peşəkarlığa yaraşmayan hərəkətləri, “Paxtakor”la gizli danışıqları komandamızdakı həmyerlilərinin də qınaq obyektinə çevrilib. Daşkənd klubuna braziliyalı ilə hələ bir illik müqaviləmizin olduğunu bildirmişik. FİFA-nın qaydalarına uyğun olaraq, futbolçu anlaşmasının başa çatmasına ən azı 6 ay qalmış başqa kluba keçidlə bağlı razılaşa bilər”.
Qeyd edək ki, Ukrayna çempionatının bürünc mükafatçısı olan Dnepropetrovskun “Dnepr” klubu Avstriyada birgə hazırlıq keçdiyi “Xəzər-Lənkəran”la yoxlama matçı keçirməyi təklif edib. Ancaq komandamız dalbadal iki gün oynamağı məqsədəuyğun saymadığından, təkliflə razılaşmayıb.
0