Georgi Nikolov Latviyanın “Metallurq” klubunun rəhbərliyindən şübhələnir
04.07.2008 - 18:04
Georgi Nikolov Latviyanın “Metallurq” klubunun rəhbərliyindən şübhələnir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Andrey Rubin komandamızın baş məşqçisi Valentin Xodukinin istədiyi futbolçudur. Rubini Bakıya dəvət edən zaman onun sərbəst futbolçu olması haqda məlumat almışdıq. Sonradan məlum oldu ki, latviyalı yarımmüdafiəçinin Liyepayanın “Metallurq” klubu ilə hələ bir illik müqaviləsi var”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” komandasının prezidenti Georgi Nikolov deyib. Onun sözlərinə görə, Latviya yığmasının üzvü olan 30 yaşlı sol cinah yarımmüdafiəçisinin transferinin gedişindən razı deyil: “Komandası Rubin üçün kompensasiya istədikdən sonra geri çəkilmədik. Latviyalıların futbolçuya görə istədiyi 50 min dolları ödəməyə hazır idik. Onlar görəndə ki, transferlə ciddi maraqlanırıq, qiyməti qaldırdılar. Yəni, artıq 50 min dollar yox, 50 min avro istədilər. 50 min avro isə 80 min dollar deməkdir”. “Metallurq” klubu rəsmilərinin hərəkətlərini düzgün saymayan G.Nikolov hətta latviyalılardan şübhələndiyini də vurğulayıb: “Bütün bunlar azmış kimi, göndərdiyimiz sorğuya aldığımız cavab bizi çaş-baş saldı. Belə ki, istənilən məbləği hara köçürəcəyimizlə bağlı sorğuya cavabda aldığımız sənəd adi kağızdan ibarətdir. Yəni, orada klubun rekvizitləri yox idi. Latviyalılardan hələ də xəbər yoxdur və Rubinin Çempionlar Liqasında Makedoniyanın “Rabotniçki” klubu ilə oyunlarda bizə kömək edəcəyindən əlimizi üzmüşük”.
Qeyd edək ki, “İnter”in Türkiyədəki hazırlıq prosesinə qoşulmayan A.Rubin Bakıda klubla “1+1” sistemi ilə anlaşdıqdan sonra vətəninə qayıtmışdı.
0