Ağasəlim Mircavadov: “Polşa futbol ölkəsi olsa da, “Lex”lə oyunlarda əllərimizi qaldırıb, təslim olmaq fikrində deyilik”
04.07.2008 - 18:17
Ağasəlim Mircavadov: “Polşa futbol ölkəsi olsa da, “Lex”lə oyunlarda əllərimizi qaldırıb, təslim olmaq fikrində deyilik”
- Avstriyada təşkil olunan təlim-məşq toplanışı necə keçir? UEFA kubokuna necə hazırlaşırsınız?
- Biz milli çempionata hazırlaşırıq. Çempionata hazırlıq proqramının daxilində də UEFA kubokuna yer ayrılıb. Hazırlıq plan üzrə gedir. Gündə 3 dəfə məşq keçirik. Düşərgəmizə yeni oyunçular gəlirlər, onları sınaqdan çıxarırıq. Dörd futbolçunu baxışdan keçirmişik. Bu gün daha iki yeni futbolçu komandamıza qoşulacaq.
- Həmin 4 futbolçunu bəyəndiniz, yoxsa geri qaytarıldı?
- Baxışa çağırılanlardan yalnız birini geri göndərmişik. Qalan futbolçular iyulun 6-da oynayacağımız növbəti yoldaşlıq görüşündə sınaqdan keçiriləcək.
- Bəyəndiyiniz futbolçular kimlərdir?
- Komandamıza gələn oyunçular Portuqaliya Superliqasında, Rumıniya çempionatında forma geyiniblər. Bizə hər mövqedə - müdafiə, yarımmüdafiə və hücum xəttində bir futbolçu lazımdır.
- Bayaq milli çempionata hazırlaşdığınızı qeyd etdiniz. Belə demək olarmı ki, UEFA kuboku arxa plana keçib?
- A kişi, planda çempionatdır, UEFA kuboku da bunun daxilindədir. Ancaq bizim üçün ən vacibi qitə miqyaslı yarış sayılır.
- “Xəzər-Lənkəran” ilk yoxlama matçında Avstriya klubu üzərində 8:0 hesablı qələbə qazansa da, dünən Rumıniya “Politexnika”sı ilə heç-heçə oynadı. İkinci yoxlama oyununda qalib gəlməyinizə nə mane oldu?
- Qol vəziyyətlərimiz çox idi. Özü də ikinci hissə güclü yağış altında keçib. Həm də nəzərə almaq lazımdır ki, “Politexnika” yaxşı komandadır. Ötən il rumıniyalılara 1:6 hesabı ilə uduzmuşuq. Rəqib güclü olduğundan bu dəfə oyun çox maraqlı alındı.
- UEFA kubokunda püşkün nəticəsindən razısınızmı?
- Mən heç vaxt püşkdən narazı olmamışam. İstənilən rəqibə, o cümlədən Polşanın “Lex” klubuna qarşı ciddi hazırlaşıb, qələbə qazanmaq vacibdir.
- Ötən mövsüm Çempionlar Liqasında “Xəzər-Lənkəran”ın bəxti gətirməmişdi. Püşk qarşınıza birinci mərhələnin ən güclüsünü - Xorvatiya “Dinamo”sunu çıxarmışdı. Bu dəfə necə, bəxtinizdən şikayətiniz yoxdur ki?
- Həqiqətən də “Dinamo” çox güclü idi. Uduzmağımıza baxmayaraq, mərdi-mərdanə mübarizə apardıq. Hər iki görüşün əsas vaxtı heç-heçə nəticələndi. Əlavə vaxtda isə qüvvəmiz tükəndiyindən məğlub olduq. “Lex”ə gəlincə, Polşa klubları heç vaxt zəif olmayıblar. Bu komandanın oyunçuları yığmanın əsasını təşkil edirlər. Polşa futbol ölkəsidir, amma bu o demək deyil ki, əllərimizi qaldırıb, təslim olacağıq.
- “Lex” haqqında məlumat toplaya bilmisiniz?
- Polşalılar barədə bu gün məlumat əldə etmişəm. Komandanın heyəti, mövsümlərarası fasilədə keçirdiyi yoldaşlıq görüşləri haqda informasiya toplamışıq.
- Bildiyiniz kimi, “Lex” də Avstriyada təlim-məşq toplanışındadır. “Xəzər-Lənkəran” məşqçilərindən kimsə rəqibin yoxlama matçını izləyib?
- Xeyr. “Lex”in təlim-məşqdə olduğu yer bizdən çox uzaqdadır.
- Çox güman ki, komandanız “Lex”lə Lənkəranda deyil, Bakıda qarşılaşacaq. UEFA kubokunda oyununuzu doğma meydanda keçirməməyiniz nəticəyə mənfi təsir göstərə bilərmi?
- Bizim üçün çox pis oldu. Öz stadionumuza, azarkeşlərimizə öyrəşmişik. Düzdür, Bakı bizə yad deyil. Ancaq yenə də vərdiş, doğma stadion, çılğın azarkeş amili həddən artıq vacibdir. Paytaxtda oynasaq da, gərək mütləq qələbə qazanaq.
- Şansları necə dəyərləndirirsiniz?
- “Lex” klubu 1922-ci ildə yaradılıb...
- Rəqib komandanın 86 yaşı olmasının, şanslara aidiyyatı varmı?
- Deməyim odur ki, “Lex” Polşanın adlı-sanlı, köklü klubudur. Ancaq biz onlardan qorxmuruq, çəkinmirik.
- “Xəzər-Lənkəran” rəhbərliyi UEFA Kubokunda qarşıya nə məqsəd qoyub?
- Qitə miqyaslı yarışda mümkün qədər çox irəliləməliyik.
- “Xəzər-Lənkəran”ın aparıcı üzvlərindən biri braziliyalı Mario Souza ilə bağlı yaranan problemə səbəb nədir?
- Mario Souza mayda cərrahiyə əməliyyatı olunduqdan sonra komandamızda qalacağını söyləyirdi. Onun “Xəzər-Lənkəran”la iki illik müqaviləsi var. Amma sonradan gəlib dedi ki, gedirəm, burda qala bilmirəm.
- UEFA kubokuna hazırlığın qızğın çağında Souza komandanın düşərgəsində yoxdur. Bununla əlaqədar futbolçu barəsində ölçü götürəcəksinizmi?
- Bu mənim işim deyil, klub rəhbərliyinin səlahiyyətlərinə aid məsələdir.
- Souza UEFA kubokunun birinci mərhələsinin ilk matçında “Lex”ə qarşı oynaya biləcək?
- Yox. O, bizimlə məşq etmədiyindən “Lex”lə birinci matçda forma geyinməsi qeyri-mümkündür.
0