Bakının “İnter” klubunun Çempionlar Liqasındakı rəqibi 20 futbolçusunu itirib
05.07.2008 - 11:45
Bakının “İnter” klubunun Çempionlar Liqasındakı rəqibi 20 futbolçusunu itirib
Skopye. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakının “İnter” klubunun rəqibi “Rabotniçki” ciddi itkilərlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Makedoniya təmsilçisinin heyətini tərk edən futbolçular müəyyənləşib. Skopyelilər ötən mövsüm çempion olduğu heyətdən 20 futbolçusunu itirib. Bunlar qapıçı Tome Paçovski, müdafiəçilər Vasko Bojinovski, Miroslav Vays, Marko Yovanovski, İvan Yovanoviç, Eftim Aksentiyev, Lazar Stanişiç, yarımmüdafiəçilər Nderim Neşipi, Ertan Demiri, Dimitriya Lazarevski, Nikola Qriqorov, Danço Masev, Nikola Qoşevski, Minas Osmani, Nemanya Milisavlyevik, hücumçular İvan Peyçik, Março Kmetovski, Jelko Kovaçeviç, Dino Naydoski və Boban Yançevskidir. “Rabotniçki”nin serbiyalı baş məşqçisi Draqolyub Bekvalaç komandanı çempion etdikdən sonra vətəninə dönüb. Belə ki, əslən Serbiyanın Novı Sad şəhərindən olan 56 yaşlı mütəxəssis “Voyvodina” klubunun sükanı arxasına keçib. Məlum olduğu kimi, Novı Sad şəhərinin təmsilçisi UEFA kubokunun birinci təsnifat mərhələsində Bakının “Olimpik” klubunun rəqibidir. Bu da D.Bekvalaçın cari mövsümdə istənilən halda avrokuboklardan Azərbaycan klubu ilə görüşəcəyi deməkdir. Onu “Rabontiçki”nin baş məşqçi postunda 40 yaşlı həmkarı, “Bakı”nın makedoniyalı çalışdırıcısı Qyoko Hacievskinin rəhbərliyi altında çıxış etmiş Boban Babunski əvəzləyib. Makedoniyalı mütəxəssis yeni komandasını həmyerliləri ilə gücləndirib ki, son transferlərdən Ardian Nuhiji, Aleksandar Krstevski və Kristian Naumovskinin adını çəkmək olar. Orta sahədə çıxış edən 30 yaşlı A.Nuhiji Albaniyanın “Elbasan” klubundan gəlib. 25 yaşlı A.Krstevski də yarımmüdafiəçidir və son mövsümü vətənində “Pobeda” klubunda keçirib. Makedoniyanın paytaxtı Skopyenin eyni adlı klubundan transfer olunan 21 yaşlı Kristian Naumovski isə qapıçıdır və o, ölkəsinin olimpiya yığmasının üzvüdür. Müdafiəçi Blaqoçye Lyamçevski, yarımmüdafiəçi Vladimir Tunevski və hücumçu Aleksandar Stoyanovski də son mövsümü “Skopye”də keçirib. 25 yaşlı A.Stoyanovski komanda yoldaşlarından fərqli olimpiya yığmasında çıxışını artıq başa vurub.
0