AFFA-da Mişel Platini ilə görüş keçirilib
06.07.2008 - 15:27
AFFA-da Mişel Platini ilə görüş keçirilib
AFFA-nın mətbuat xidmətindən APA-Sport-a verilən məlumata görə, görüşdə AFFA-nın son bir ildəki fəaliyyətini əks etdirən videorolik nümayiş olunub. Baş katib Elxan Məmmədov AFFA-nın son dövrlərdə həyata keçirdiyi tədbirlər barədə UEFA rəhbərliyinə məlumat verib. Aşağı yaş qruplarından ibarət yığma komandaların texniki direktoru Bernhard Lippert ölkəmizdə uşaq futbolunun vəziyyəti və bu sahədə inkişafa nail olmaq məqsədilə AFFA tərəfindən görülən işlər barədə UEFA rəhbərliyini məlumatlandırıb. Görüşdə Azərbaycan futbolunun inkişaf yolları geniş müzakirə edilib və UEFA prezidenti Mişel Platini Azərbaycan futbolunda həyata keçirilən tədbirlərdən razı qaldığını bildirib. Daha sonra AFFA prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov və UEFA prezidenti Mişel Platininin rəhbərlik etdiyi nümayəndə heyəti AFFA-nın inzibati binasının ərazisində UEFA-nın maliyyə yardımı ilə Azərbaycanda ilk dəfə inşa olunan futbol akademiyasının tikintisi ilə tanış olublar. AFFA prezidenti Rövnəq Abdullayev UEFA prezidentinin Azərbaycana budəfəki səfəri barədə məlumat verərkən deyib ki, bu səfərin məqsədi AFFA-nın son zamanlar həyata keçirdiyi tədbirlərlə bağlı fikir mübadiləsi aparmaq, Azərbaycan futbolunun inkişaf perspektivlərini müzakirə etmək və UEFA-nın maliyyə yardımı ilə inşa olunan futbol akademiyasının tikintisi ilə tanış olmaqdır. R. Abdullayev onu da bildirib ki, Platini Azərbaycan futbolunun inkişafı üçün bundan sonra da UEFA tərəfindən hərtərəfli köməklik göstəriləcəyini bəyan edib.
Mişel Platini isə UEFA prezidenti olaraq onun vəzifəsi ilk növbədə neytral olmaq və UEFA-nın üzvü olan bütün milli assosiasiyalarda futbolun inkişafına yardım göstərməkdir: “Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Unutmayın ki, futbol, sadəcə, bir oyundur və dünyanın ən gözəl oyunudur”.
Gənclər və idman naziri Azad Rəhimov UEFA rəhbərliyinin qısa vaxt ərzində Azərbaycana ikinci gəlişini ölkəmizdə futbolun inkişafda olması ilə xarakterizə edib: «Cənab Platini ilə söhbətimiz zamanı ölkəmizdə inşa olunan idman kompleksləri, «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq həyata keçirilən tədbirlər barədə geniş məlumat verdik. İnanırıq ki, inşa olunan bu futbol akademiyası Azərbaycanda futbolun inkişafına böyük töhfələr verəcək».
Çıxışlar başa çatdıqdan sonra AFFA prezidenti Rövnəq Abdullayev üzərində Platini yazılmış Azərbaycan millisinin 10 nömrəli futbolkasını UEFA prezidentinə təqdim edib.
0