TFF prezidenti Hasan Doğan Fatih Terimlə nahar etdikdən sonra dünyasını dəyişib
07.07.2008 - 11:15
TFF prezidenti Hasan Doğan Fatih Terimlə nahar etdikdən sonra dünyasını dəyişib
Bakı. Aqşin Əliyev - APA-Sport. Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Hasan Doğan 52 yaşında vəfat edib. “APA-Sport” agentliyinin məlumatına görə, o, iyulun 5-də Türkiyənin Bodrum şəhərində istirahət zamanı dünyasını dəyişib. TFF prezidenti milli komandanın baş məşqçisi Fatih Terim və federasiya rəsmisi Levent Kızılla nahar etdikdən sonra məskunlaşdığı “Riksos” otelinə qayıdıb. Bundan bir neçə dəqiqə sonra infarkt keçirən H.Doğan xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyi nəticəsiz qalıb.
H.Doğan bu il fevralın 14-də TFF prezidenti postuna keçirilən növbədənkənar seçkidə qalib gələrək, Haluk Ulusoyu əvəzləmişdi. O, qurumun 85 illik tarixində 37-ci prezident olmuşdu. Onun TFF-ə rəhbərlik etdiyi 143 gündə Türkiyə futbolunda bir sıra uğurlar qazanılıb. Bunlardan ən önəmlisi “ay-ulduzlular”ın ötən ay Avropa çempionatında bürünc medala layiq görülmələridir. İxtisasca mühəndis olan H.Doğan TFF-lə yanaşı, “Ramsey”, “Gürmen”, “Kip-Teks” şirkətlərinin və “Star” media qurumunun rəhbərliklərində yer alırdı. Onun Zeynəb və Səlim adlı iki övladı qalıb. Mərhum bu gün İstanbulun Topkapı qəbiristanlığında torpağa tapşırılacaq. H.Doğanın vəfatı ilə əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın rəhbərliyi Türkiyə futbol ictimaiyyətinə başsağlığı verib.
Qeyd edək ki, yaxın 3 ay ərzində TFF-də yenidən növbədənkənar prezident seçkisi keçiriləcək.
0