“Olimpik” klubundan ayrılan Draqan Mandiç və Yovan Drobnyak “Voyvodina”ya keçə bilərlər
07.07.2008 - 15:27
“Olimpik” klubundan ayrılan Draqan Mandiç və Yovan Drobnyak “Voyvodina”ya keçə bilərlər
Bakı. İlkin Mehrəliyev - APA-Sport. Mövsümlərarası fasilədə Bakının “Olimpik” klubundan ayrılan serbiyalı futbolçular Draqan Mandiç və Yovan Drobnyak bu gün Azərbaycanı tərk ediblər. “APA-Sport” agentliyinin məlumatına görə, hər iki oyunçu karyeralarını vətənlərində davam etdirə bilər. Belə ki, “Olimpik”in UEFA kubokundakı rəqibi, Serbiyanın “Voyvodina” klubu D.Mandiçə dəvət göndərib. 32 yaşlı yarımmüdafiəçisi səfəröncəsi “APA-Sport”a açıqlamasında sabiq komandasına dönmək istədiyini vurğulayıb: “Mən üç il “Voyvodina”nın kapitanı olmuşam. Bu klub yaşadığım Novi Sad şəhərini təmsil edir. Bir neçə gün öncə “Voyvodina” rəsmiləri mənimlə əlaqə saxlayaraq, nə etdiyimi soruşdular. Cavabında tezliklə vətənə qayıdacağımı dedim. Serbiyaya dönüb, ailəmlə görüşdükdən sonra klubun bazasına yollanacağam. “Voyvodina” rəhbərliyi Yovan Drobnyakı da heyətdə görmək istəyir. Maliyyə şərtlərini razılaşdıra bilsək, müqavilə bağlayacağıq”. D.Mandiç onu da əlavə edib ki, onlarla Premyer Liqada mübarizə aparan “Qəbələ” və “Standard” klubları da maraqlanıb. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
Qeyd edək ki, ötən mövsüm “Olimpik”in heyətində gümüş medal qazanan D.Mandiç və Y.Drobnyak çempionat başa çatan kimi transferə çıxarılıblar.
0