“Vaslui” klubunun idman direktoru: “Neftçi”nin oyunu məni çox qorxutdu”
07.07.2008 - 16:12
“Vaslui” klubunun idman direktoru: “Neftçi”nin oyunu məni çox qorxutdu”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi”nin “Jerminal”la səfər qarşılaşmasında göstərdiyi oyun məni çox qorxutdu”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rumıniyanın “Vaslui” klubunun idman direktoru Katalin Popa deyib. İntertoto kubokunun üçüncü mərhələsində “Jerminal” – “Neftçi” cütünün qalibi ilə görüşəcək rumınlar təmsilçimizlə qarşılaşmaqdan aşkar çəkinir: “Artıq üçüncü mərhələdə Bakıya gedəcəyimizi 90 faiz əminliklə söyləmək olar. “Jerminal” - “Neftçi” oyununda Azərbaycandan olan komanda rəqibindən çox güclü idi. Mən bilmirəm ki, belçikalılar cavab oyununda hansı nəticəyə ümid edir. İstənilən halda, rəqibimiz haqda müəyyən informasiyaya malikik. Ötən ilin yayında Avstriyanın Kaprun şəhərində 3:2 hesabı ilə məğlub etdiyimiz “Neftçi” ilə matçda ehtiyatı əldən vermək olmaz. Axı azərbaycanlılarla səfərdə oynamaq xüsusilə təhlükəlidir. Amma inanıram ki, bu komandanı da keçə biləcəyik. Çünki 2008/09 mövsümündə “Vaslui”nin qarşısına qatıldığı bütün yarışlarda yüksək vəzifələr qoyulub”.
0