Draqan Mandiç: “Olimpik” UEFA kubokunda mübarizəni erkən dayandıracaq”
07.07.2008 - 16:28
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Olimpik” klubunun sabiq yarımmüdafiəçisi Draqan Mandiç deyib. Paytaxt komandasının UEFA kubokunda şanslarını dəyərləndirən 32 yaşlı serbiyalı futbolçu bildirib ki, Əsgər Abdullayevin yetirmələri mübarizəni erkən dayandıracaqlar: “İki il “Olimpik”də oynadığımdan, bu komandanın potensialına və gücünə bələdəm. Bakı klubu müdafiə futboluna üstünlük verir, 90 dəqiqəni arxada keçirir. Əsasən qol buraxmamağa çalışır. “Voyvodina” isə “vur qabağa” futbolu oynamır. Komandanın lideri Popoviçdir. O, çox sürətli və dəqiq ötürmələrə malik yarımmüdafiəçidir. Müdafiə xəttində Curiç və Stoşiç inamlı təsir bağışlayır. Hər ikisi ucaboy olduğu üçün onları hava mübarizələrində üstələmək qeyri-mümkündür”. D.Mandiç vaxtilə şərəfini qoruduğu “Voyvodina”dan xəbərçilik etmədiyini vurğulayıb: “Mən “Olimpik”dən “Voyvodina”ya və ya əks marşrutla məlumat ötürməmişəm. Düzdür, mənə müraciət edənlər olub. Xəbərçiliyi xoşlamadığımdan, müraciətlərə mənfi cavab vermişəm”.
Qeyd edək ki, “Olimpik” UEFA kubokunun birinci təsnifat mərhələsi çərçivəsində Serbiya “Voyvodina”sını iyulun 17-də səfərdə, bundan iki həftə sonra isə Bakıda sınağa çəkəcək.
Qeyd edək ki, “Olimpik” UEFA kubokunun birinci təsnifat mərhələsi çərçivəsində Serbiya “Voyvodina”sını iyulun 17-də səfərdə, bundan iki həftə sonra isə Bakıda sınağa çəkəcək.
0
0