“Masallı” klubunu Premyer Liqada NBC əvəzləyəcək - YENİLƏNİB
08.07.2008 - 17:00
“Masallı” klubunu Premyer Liqada NBC əvəzləyəcək - YENİLƏNİB
Ötən mövsüm uğursuzluq yaşayan və Premyer Liqanı 10-cu pillədə başa vuran “Masallı” bu dəfə mübarizəyə qoşulmayacaq. Fazil Əsədovun rəhbərlik etdiyi kollektivin cəmi bir ay sonra start götürəcək növbəti çempionatın hazırlığına indiyədək başlamamağı bununla bağlı idi.
Komandanın icraçı-direktoru Fariz Fərəcov “APA-Sport” agentliyinə açıqlamasında bu xəbəri təsdiqləyib. O, AFFA-ya rəsmi məktub göndərməyə hazırlaşdıqlarını söyləyib: “Ya bu gün, ya da sabah yaranmış vəziyyətlə əlaqədar AFFA-nı məlumatlandıracağıq. Hansı səbəbdən çempionatdan imtina etdiyimizi deyə bilmərəm. Ancaq onu qeyd etmək istəyirəm ki, bizim gələcəkdə görüləsi işlərimiz çoxdur. “Masallı” klubu dağılmayacaq, sadəcə, bütün diqqət uşaq futboluna yönələcək”.
“APA-Sport” agentliyinə açıqlama verən Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə “Masallı” klubundan iyulun 7-də məktub aldıqlarını deyib: “Həqiqətən də “Masallı” çempionatdan imtina edib. Bununla bağlı dünən “Masallı”nın prezidenti Balaş Abuzərovun adından bizə məktub göndərilib. Bildirilir ki, klubun texniki bazası aşağı səviyyədədir, əvəzedici heyət formalaşmayıb. Bu komanda gələcəkdə əsas fəaliyyətini uşaq futbolu sahəsində göstərəcək”. R.Musayev, həmçinin vurğulayıb ki, XVII milli çempionatda “Masallı”nın əvəzinə Salyanın NBC komandası çıxış edəcək: “Nizamnaməyə görə, yaranan boşluğu birinci divizionunda 3-cü pilləni tutan NBC dolduracaq”.
2008/09 mövsümündə klubların sayının 14-dən 12-yə azaldılacağı da dəqiqləşib. Çempionatın sonunda 12, 13 və 14-cü sıranı tutan kollektivlər Premyer Liqadakı yerlərini itirəcəklər. Reqlamentə əsasən, birinci divizionun qalibi birbaşa Premyer Liqaya yüksələcək. Daha bir vəsiqə uğrunda Premyer Liqanın 11-cisi ilə birinci divizionun ikincisi mübarizə aparacaq. Komandalar arasında keçiriləcək pley-off matçlarında üstün tərəf Premyer Liqada iştirak hüququna yiyələnəcək.
Qeyd edək ki, “Masallı”nın yaşadığı problemlə 2007-ci ilin yayında “MKT-Araz” da üzləşmişdi. Çempionatın startına iki gün qalmış yarışdan imtina edən İmişli təmsilçisini birinci divizionda üçüncü yeri tutan Bərdə ABN-i əvəzləmişdi.



0